“Hikməti sözündə axtar” (kitab)
Paxıllıq kök salıb canımızdadı,
İlişib damara, qanımızdadı.
Şeytan uzaq deyil, yanımızdadı,
Tanrını düşünmür ürək, baş, daha,
Düzələn deyilik, a qardaş, daha!
Adəmin ağlını iblis alıbsa,
Ortaya min fitnə-fəsad salıbsa,
Qan tökmək Qabildən* bizə qalıbsa,
Qurtarmaz bu dava, bu dalaş daha.
Düzələn deyilik, a qardaş, daha.
Bir şahlıq quşundan tapan nicat yol,
Şükürlər etməyib Tanrıya bol-bol.
Hər gündə Allaha yalvarsaq min yol,
Qonmaz çiynimizə gözəl quş daha.
Düzələn deyilik, a qardaş, daha.
Halaldan yoğrulmuş maya bilmirik,
Əxlaq yoxa çıxıb, həya bilmirik.
Yesək də dünyanı, doya bilmirik,
Tükənmir gözlərdə tamah, iştaha,
Düzələn deyilik, a qardaş, daha!
Gül-çiçək sandığın ot-ələf çıxır,
Dost-həmdəm bildiyin naxələf çıxır.
Ucu görunəndə tez kələf çıxır,
Xəyanət eyləyir dost-sirdaş daha.
Düzələn deyilik, a qardaş, daha!
Arsızlar həyanı, arı öldürüb,
Gözəli, cavanı qarı* ,,öldürüb,”
İmamı halalca yarı öldürüb,
Çox gizli sirrimiz olar faş daha,
Düzələn deyilik, a qardaş, daha!
Mənəmlik dəb düşüb, sözə qalan yox,
Həqiqi sözümdə saxta, yalan yox.
Ağsaqqal sözünü vecə alan yox,
Nəsihət faydasız, xahiş boş daha,
Düzələn deyilik, a qardaş, daha!
Ömrümüz ötməyir o anlar kimi,
Yaxşıydıq, olmuşuq yamanlar kimi.
İqlim də dəyişib insanlar kimi,
Vaxtında gəlməyir bahar, qış daha,
Düzələn deyilik, a qardaş, daha!
Ariflər qanandı, Mais, söz atma,
İşarə anlayar, əbəs göz atma.
Sözünü qısa et, çox da uzatma,
Artıq söz xalqa da gəlməz xoş daha,
Düzələn deyilik, a qardaş, daha!
17.06. 2003