abdullamuellim

SƏHVİNİ ARAMA MƏNDƏ

Nəyim var ki göz dəyəsi,
Gözün qala,göz yiyəsi?
Üzün də yox söz deyəsi,
Söz ağlayır həya canda.

Hər gün qəmi qoyub dəmə,
Üz vurdun üz tutub qəmə.
Səndəmi düşdün qədəmə
Eşq qapını dərd açandan?!

Göz olub ayaq altına,
Dünənini sal yadına.
Qızaran gözün oduna
Çarə olmaz həyəcandan.

Dağ üstünə dağ qoymadın,
Ürəyimdə yağ qoymadın,
Canımı da sağ qoymadın,
Üzüm gülmür gör haçandan!

Səhvini arama məndə,
Günahkarıq-sən də,mən də…
Allaha olmadıq bəndə,
Şeytana ürək açandan.

Azərbaycan.Quba.
16.04.2001.

DÜNYA MƏNİM DÜNYAM DEYİL

Xalq şairi Məmməd Araza.

Ağlayana göz yaşıdır,
Ağladana közdür dünya.
Kimisinin öz yaşıdı,
Kimisinə sözdür dünya.
Dünya mənim dünyam deyil.

Hara baxsan hərb ocağı,
Hara baxsan qəm-ələmdir.
Canlı məzardır qucağı,
Bağrının başı sitəmdir.
Dünya mənim dünyam deyil.

Pozulub mizan-tərəzi,
Çəkilməmiş gözü qaçır.
Ocağı tərk edən kəsin
Arxasınca közü qaçır.
Dünya mənim dünyam deyil.

Bir loxma çörək dalınca
Başı lovlu qaçanı var.
Hədəf olub ehtiyaca,
Dərd üstə dərd qucanı var.
Dünya mənim dünyam deyil.

Kimisinə dar ağacı,
Kiminin uman yeridir.
Dərd əhlinə yar ağacı,
Sevənin güman yeridir.
Dünya mənim dünyam deyil.

Dünya qədərin qalası,
Qədərliyə qara gündür.
Dünya dərdimə qalası,
Açılmayan bir düyündür.
Dünya mənim dünyam deyil.

…Gülünclərin gülüncünə
Qalib gəlmək təpəri yox.
Bu dünyanın nə vecinə-
Toxun acdan xəbəri yox!
Dünya mənim dünyam deyil.
Dünya mənim dünyam deyil!

Azərbaycan.Quba.