s

* * *

Yarpaq-yarpaq tökülür
günlərimiz payıza,
Yaşayırıq birtəhər…
qəlbdən qan sıza-sıza.

Dərdi tək çəkənlərin
payız köhnə tanışı.
Nə vaxtdı biz susmuşuq,
xatirələr danışır.

Mən də sənə oxşadım,
yıxıldım qürurumdan.
Üzü üstə düşmüşəm,
yox qolumdan qaldıran.

Eh…beləymiş ömür-gün?
nə var çıxır əlindən.
bir ovuc xəzəl qalır
bir bağcanın gülündən…

İndi gecdi bəlkə də…
mümkünmü geri dönmək?
payız yarpağı kimi
əsir sinəmdə ürək…

* * *

Ürəyimə köçürmüşəm
səni necə varsan elə.
Hər gün sənə qayıdıram,
mən səni çəkirəm hələ…

Qaçıb eşqinə sığındım,
qərib könlümdə təklənib.
Göz yaşımla yanağıma
çəkib həsrətin şəklini.

Bu gecə də ötdü sənsiz,
Sızıldayır barmaqlarım.
Ləçək-ləçək solur ömrüm,
söz-söz ölür dodaqlarım…

Eh…bizimki yazdan keçib,
bitməz,yüz yağa yağışlar…
sən çəkən köhnə şəkildi
soyuq alnımda qırışlar.

Öz adım yükdü çiynimə,
sonacan apara bilsəm…
Nə yaxşı ki səni tapdım,
səndən sənə vara bilsəm…