Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
SAVALAN DAĞININ
İran təəssüratları
Hər kəndə, kəsəkdə aldım salamlar,
Sevindim səhərlər, güldüm axşamlar,
Gördüm tanış üzlər, doğma adamlar,
Savalan dağının ətəklərində.
Öpüb torpağını bağrıma basdım,
Şirin nəğmələrə mən qulaq asdım,
Qəlbimi ulduzlu göylərdən asdım,
Savalan dağının ətəklərində.
Hara boylandımsa gördüm bal, pətək,
Zirvədə qar gördüm, dərədə çiçək,
Daradı saçımı sərin meh, külək,
Savalan dağının ətəklərində.
Gördüm qardaşımı, gördüm bacımı,
Unutdum bu yerdə ağrı, acımı,
Gördüm başım üstə, gördüm tacımı,
Savalan dağının ətəklərində.
Şirin bayatılar, nəğmələr dindi,
Ulduzlar göylərdən yerlərə endi,
Ürəyim gül açdı, qəlbim sevindi,
Savalan dağının ətəklərində.
Yaşıl yamacları, yalları gördüm,
Boynuma dolanan qolları gördüm,
Təbrizə uzanan yolları gördüm,
Savalan dağının ətəklərində.
HƏR GÜN
Şöhrət adamları, pul adamları,
Oxuyan deyillər şeirlərimi,
Onlar düşünürlər dövləti, varı,
Onlar başa düşməz dərdi, sərimi.
Dərd qoymaz kasıbı kitab oxuya,
Qorxuram gecikəm sözlərim ölə.
Veriblər nağılla xalqı yuxuya,
Qoymurlar ağatlı oğlanlar gələ.
Gözümün suyuyla isalır qələm,
Verdim sel ağzına ötən illəri,
Çətin ki sevinəm, mən bir də güləm,
Zəmanə susdurub şirin dilləri.
Ruhum elə küsüb, elə inciyib,
Qəlbimin ağrısı çəkilən deyil.
İllərin əzabı belimi əyib,
Tilsimli qapılar sökülən deyil.
İçirəm hər səhər al şəfəqləri,
Təmanna gözləmir, göylər sağ olsun.
Hər gün qaraldıram ağ vərəqləri,
El-oba yanında üzüm ağ olsun.