VƏFALI İT HAQQINDA BALLADA
Qıvrılıb yatıbdır qapı ağzında,
Yiyəsiz bir evdə kənizdir bu it.
Köpək baxışından nur yağır sanki,
Belə nə göyçəkdir,təmizdir bu it.
Yoxdur it könlünü oxşayan,alan,
Şirin arzuları,istəyi talan.
Köçən sahibindən əmanət qalan,-
Köhnə xatirədir,bir izdir bu it.
Hürüb ulamağı üsyandır şərə,
Hanı qalxdığı dik,endiyi dərə?
Köpək vəfasıyla düşüb dillərə,-
Hamıya doğmadır,əzizdir bu it.
YOLUM DÜŞDÜ DOĞMA
Yolum düşdü doğma yurda,
Gözü güldü dağlarımın.
Ümidləri pərvazlandı,-
O uşaqlıq çağlarımın.
Qarşıladı gülər üzlə,-
O yurd məni,torpaq məni.
Kölgəsi düşdüyü yerdir,-
Hər ağacın öz Vətəni.
Saçımın hər dəni bəlkə.-
Bir ağ çiçək dəstəsidir.
Ürəyimdə qövr eləyən,-
Ana Kürün bəstəsidir.
Bir eşqin gül çöhrəsiyəm.
Pöhrələnən budaqlarda.
Şəhər eşqim,kənd həyatım,-
Nəğmələnir dodaqlarda.
ANA
Böyüdüb uçurtdun yuvandan məni,
Harda gecələsin bu quşun,ana?
Səni incidəndə dəcəl vaxtımda,-
Üstümdə duanmış qarğışın,ana.
Gəlsə hüzuruna,baş əyər şah da,
Şah baş əyən yerdə susar silah da.
Saçının qarını əritməz ah da,
Kiçik çiləsiyəm bu qışın,ana.
Balandır qayıdıb səfərdən elə,
Saçını üzümə aç pərdəm elə.
Ömrə səpələnmiş bir dərdəm elə,
Çək məni,qoynuna yığışım,ana!