Xalq Şairi Zəlimxan Yaqubun şeirinə nəzirə.
Ey gül, sənsiz ərşə çıxıb yuxum, gəl,
Məst eləyən müşk ətirli qoxum, gəl.
Durub mənə gendən baxma, yaxın gəl,
Oğrun baxan göz öldürər şairi.
Qovuşmasam öz əhdimə bu yazda,
Dərd ürəkdə aşıb-daşar bir az da.
Əl çəkməsən, bu işvədən, bu nazdan,
İşvə, qəmzə, naz öldürər şairi.
Hərdən olur, tez özündən çıxırsan,
Şımşək olub başım üstə çaxırsan.
Gecə-gündüz yandırırsan, yaxırsan,
Qorxmayırsan, köz öldürər şairi?
Genişlik sənsiz mənə olub dar,
Sıxır məni, boğur məni dörd divar.
Ələndikcə ürəyimə soyuq qar,
Şaxta vurub, buz öldürər şairi.
Sevinc ilə fələk vurub aramı,
Dərdi verib, gizlədibdi çaramı.
Bir bu qədər gəl, göynətmə yaramı,
Sızıldatma, duz öldürər şairi.
İzn vermə, dərd sinəmdən asıla,
Mais qəmdən künc-bucağa qısıla.
Ver əlini, gəl qovuşaq vüsala,
Çünki həsrət tez öldürər Şairi.