
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor
TƏMİZ ƏLLƏR
Qəlbdən keçənləri əzrayıl duyub,
Virusla qorxudur ellərimizi…
Hər gün neçə dəfə sabunla yuyub,
Spirtlə silirik əllərimizi…
Düşmənin əmrinə olub müntəzir,
Çox daşlar atmışıq biz dost dağına…
İndi küçələrdə viruslar gəzir,
Hamımız dönmüşük ev dustağına…
Çıxmağa qorxuruq el arasına,
Elə bil dönübdür ölkə yumağa,
Gedə də bilmirik dostun yasına,
Hər əl qadirdimi ləkə yumağa?
Təmiz arzuları apardı sellər,
Təbəssüm itəndə, qəm üzə çıxar…
Rüşvət virusuna yoluxan əllər
Çətin ki, sabunla təmizə çıxa…
Özümüz salmışıq borca dünyanı,
Daha insanlara hava, su çatmır.
Yarası qan verir qoca dünyanın,
Elə bil onun da havası çatmır…
Yağış əlac etmir solan güllərə,
Qəlbimdə nə qədər ağrı, acı var.
Bu çirkli dünyanın təmiz əllərə
Bilirsən nə qədər ehtiyacı var?!
25.03.2020
EL YADDAN ÇIXARMAZ ŞAİR OĞLUNU
“Dünyada ən bahalı xalça Təbriz xalçalarıdır. Bu xalçada rənglərin al-əlvanlığı ilə yanaşı, ilmələrin zərifliyi və həddindən artıq çoxluğu adamı heyrətləndirir. Mən Sizin hər şeirinizi oxuyanda eynən zərif ilməli al-əlvan Təbriz xalçaları gözüm önünə gəlir, bir də ingilis şərqşünası Gibbin böyük Füzuli haqqında dediyi: “Füzuli Şərqin ən səmimi və ən həssas şairidir” sözlərini xatırlayıram. Bu hiss məndə Sizin hər şeirinizi oxuyanda yaranır. “
Ali Hakim
Sənət meydanında bəhsabəhs düşüb,
Hamının yazmağa gəlib həvəsi.
İlham pərisinə könül bağlayıb,
Bunun nəticəsi, onun nəvəsi…
Şeir göylərini tutub duman, çən,
Bir müdrik sənətkar baxıb güzgüdən,
Deyir: – Pay ummasın gərək özgədən,
Şair qəlbindəki nura güvənsin!
Alma ağacında heyva, nar olmaz,
Söyüd budağında əsla bar olmaz,
Hər şeir yazandan sənətkar olmaz,
İlahi sevgidi sözün nüvəsi…
Vecinə də almır dünya malını,
O, ağrıdan çəkib şeir balını,
Sözdən toxuduğu əlvan xalını,
Didikləyə bilməz xəbis güvəsi…
Hələ köksündədir namərd qurşunu,
Keçib ürəyindən sevgi qoşunu,
Hikmət zirvəsinə hər söz qoşanın,
Onunla qalxmağa çatmaz nəfəsi…
Verib körpələrə sözün noğulunu,
Sevdalı qızların alıb ağlını,
El yaddan çıxartmaz şair oğlunu,
Dünyaya tək gəlib, yoxdu əvəzi…
19.04.2020
Bir cavab yazın