Kənan AYDINOĞLU.”Sevimli müəllimlərimə məktub” silsiləsindən

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.

Ay Aqil müəllim!

Sevimli müəllimim Aqil Əliyev üçün

Yazmadım bir şeir qalsın izimçün,
Bulmadım dərman da mən də dizimçün,
Görən, dəyişərmi hökmün bizimçün,
Yenə də kainat, ay Aqil müəllim?!

Ömür bizdən ötrü birgünlük baha,
Nalə qarışıbmış dünyada aha,
Çənlibel yurdunda kişnəməz daha,
Həm DÜRAT, həm QIRAT, ay Aqil müəllim!

Su qalxar bir kərə yuxarı dizdən,
Kaş razı qalaydız bu gün də bizdən,
Öyrənmək gözəlmiş-özü də Sizdən,
Elmdi qol-qanad, ay Aqil müəllim!

Şairin gözünə xəzəl göründü,
Aşığın sazında qəzəl göründü,
Bu həyat dünyadan gözəl göründü,
Yaxşı ki, var həyat, ay Aqil müəllim!

YAĞMUR da, İNCİ də güldü*, çiçəkdi,
Sinədə döyünən böyük ürəkdi,
De nəyə gərəkdi, nəyə gərəkdi,
Bu qədər zarafat, ay Aqil müəllim?!

Bakı şəhəri. 13 noyabr 2024-cü il.

Həyatın özündən danışan qadın

Sevimli müəllimimiz Gülər xanım Hüseynovaya

Yenə də “qaçaqaç”, yenə “qovaqov”,-
Bizim ömrümüzün hər günü belə.
Neçə sirr açıldı, bilinmədi də,
Əzəldən bağlanmış düyünü belə.

Caduya, sehrə biz inanmasaq da,
Bu qərib dünyanın sehrinə düşdük.
Özü bir səhnəymiş, bir tamaşaymış,-
Sehrli dünyanın seyrinə düşdük.

Dünya gözümüzə kül üfürəndə,
Yumduq, açmadıq ki, boylanan gözü.
Mərhəmət göndərən Uca ALLAHın,
Bizə keşiyi də çəkəcək Özü.

Bəşər övladıyıq, Həzrət ADƏMtək,
Bizim də yolumuzdan sapan olmuşuq.
Dan yeri sökülüb, açılır səhər,
Bu gün də HAQQ yolun tapan olmuşuq.

Fəlsəfi fikirlər körpəyə bənzər,
Ömür başdan-başa sınaqla dolu.
Gözünü açanda dünyaya bəşər,
Seçdi iradəylə özünə yolu.

Nə deyim, Taleyin hökmü beləymiş:
Gərək ki, ayıraq ağı qaradan.
Bizim qəlbimizə təpər verəcək,
Gözəllik eşqinə Uca YARADAN!

Mənim də sözümün canı beləymiş:
Bizimçün zəhmətə qatlaşan qadın.
Dünya gözlərində boyanar nura,
Həyatın özündən danışan qadın.

Bakı şəhəri. 22 noyabr 2024-cü il.

Şirin ləhcənizdən doyan olmadı

Sevimli Müəllimimiz Bəxtiyar Əliyev üçün

Hüseyn qağanın* məzəli sözü,
söhbəti çevrilib dönər dastana.
Əzəldən təbiət özü baş əyir,
Müqəddəs torpağa-AZƏRBAYCANA.

Deyirlər, doğmasa, günəş dünyada,
Çətin ki, açılar hər yeni sabah.
Ömür yollarında çəkilən sədd də,
Bir gün sovrulacaq küləktək, vallah.

Köhnə xatirələr yazılıb, qalar,
Yeni dostların da əvəzi varmı?!
Şehli çəməndəki bənövşənin də,
Döyünən ürəyi, nəfəsi varmı?!

Ən sirli məktubu göndərdi bəlkə,
Mənimçün həyatda Əsli Kərəmə.
Tarixi qədimdən söz meydanında,
Şairlər sarıldı qızıl qələmə.

Hələ Yazıçılar İttifaqında,
Məhkəmə quruldu qələm əhlinə.
Görəsən, dözəcək necə, İlahi,
Məmləkət özü də insan səhvinə?!

Tarix varaqlanar qədim kitabtək,
Sözü danlamadım mən bilə-bilə.
Amma dilin özü olanda şirin,
Dilsiz daşları da gətirər dilə.

Bakıdan görünən yelkənli gəmi,
Bir oxşayacaq mavi Xəzəri.
Dünyanın ən ucqar kəndlərində də,
Səmimi gülüşün yoxmuş bənzəri.

Doğma Poylumuzda şair Nəriman,
Çoban Əfqana da yazmışdı şeir.
Qələmdən süzülən ürək sözüymüş,
Bunu mən demirəm, bu həyat deyir.

Gözəllik eşqinə, şeir eşqinə,
Ömür yollarında büdrəməz ki, diz.
Sevindim uşaqtək, Bəxtiyar müəllim,
Bizim Ağstafadan bir müəllim də Siz.

Kim dedi, dünyada şair Kənanın,
Qazağı görəndə gözü dolmadı?!
Doğma AĞSTAFAda, doğma diyarda,
Şirin ləhcənizdən doyan olmadı..

Bakı şəhəri. 22 iyul 2025-ci il.

*Xalq şairi Hüseyn ARİF nəzərdə tutulur.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir