Məni sevmirsənsə, sevmə əzizim,
Qınaya bilmərəm, canın sağ olsun.
Əzəldən qaraymış bəxti bu eşqin,
Nə deyim , yaxşı yol, üzün ağ olsun…
Mənim nəyim var ki, bir ürək sevgim.
Sənə dünyaları verə bilmərəm.
Quru məhəbbətim asan alışar,
Yaş edib önünə sərə bilmərəm.
Gözlərim yoluna dikilməz daha,
Dəyişər fikrini, çatar bir zaman,
Töküb həvəsini o dar ovcuna,
Tum kimi çırtlayıb atar bir zaman…