Qapı-qapı gəzən külək,
Bircə qapı gəzirsən,
Gözün belə toxdumu?
Günəşli, isti yay günlərində
açdığın o qapılar
hanı indi, yoxdumu?
Hanı səni sevənlər,
Evlərinə qonaq edənlər,
Səninlə dincələnlər
hanı?..
Qapı-qapı gəzən külək,
hanı indi,
soyuqlar düşəndə,
havalar dəyişəndə
dost-tanışın yoxdumu?
Səndən bu qış günündə
üz çevirən çoxdumu?
Gözləmə, külək, gözləmə,
Daha səni o qapıdan
içəri alan olmaz.
Daha səni axtaran,
çağıran olmaz…
Axı belə havada
səni istəyən kimdi, kim?
Get, get əzizim,
Sənə qalan o boz küçə olacaq,
Hirsindən qırdığın, qopardığın
quru ağac olacaq…
Amma darıxma, darıxma,külək,
Bu qış da çox çəkməyəcək,
Yenə yay gələcək,
Parlaq günəş çıxacaq,
Havalar isinəndə,
Dostların çoxalacaq…