EYLƏDİ
Tuş olduq namərdə, pisə,
Bədəbəddə durdu üzə,
Bəxt də bizdən küsə-küsə,
Ümidləri puç eylədi.
Birləşdi kafər dığalar,
Yağlandı yavan yağılar,
İçimiz tökdü ağılar,
Dərdi başda tac eylədi.
Yanan da biz, yaman da biz,
Haqlıykən haqq uman da biz,
Olmadıq heç amanda biz,
Amansızlar güc eylədi.
Gülü bülbülsüz qoydu sar,
Qışa əsir düşdü bahar,
Yağmalandı ulu diyar,
Ağır ellər köç eylədi.
ATLAN İGİDİM
Atlan igidim, dada yetiş, Allaha and iç,
Qeyrətlə, inamla yola düş, bir daha and iç,
Bu yurdur bizə dünyada candan baha, and iç,
And iç, bilirəm mərd igidim dada yetəndir,
Namus da, əmanət də bu torpaqdır, Vətəndir.
Yoxdursa onu qoruyan əsgər, Vətən ağlar,
Birləşməsə yumruq kimi ərlər, Vətən ağlar,
Boş qalsa bu dar gündə də səngər, Vətən ağlar,
Ağlar, o kömək görməsə bil, ərliyimizdən,
Gəl, atəşə dönsün gücümüz birliyimizdən.
“Haqqdan ucalan bayrağımız bir daha enməz”,
Heç kəs bu müqəddəs, ulu yoldan geri dönməz,
Yoxdursa ürək atəşimiz torpaq isinməz,
Dağlar kül olar hər yağı düşmən od aparsa,
Versək bir ovuc torpağımızdan yad aparsa.
Qan-qan deyənin qan iyi var hər kələyində,
Acgöz qaraçı nəfsi yatıb hər diləyində,
Son fitnəsi də keçmədi sərraf ələyindən,
Heç heyvan özü bir belə haqqı daşa qaxmaz,
Hər yersizə yer versə də xalqım başa qaxmaz.
Birlikdədir güc, səngərimiz hər qala, hər bənd,
Versin Bakı, Təbriz əl-ələ, bir də ki, Dərbənd,
Dönsün öz ulu keçmişinə Borçalı, Xankənd,
Min köhlənini Urmiyadan Göycəyəcən çap,
Xalqın, Vətənin dərdinə mərdanə nicat tap.
Hər yandan açıb üstümüzə ağzını böhtan,
Fır-fır dolanır ortada bir sərsəri şeytan,
Meydan açalım, fitnəkara süngülü meydan,
Atlan, yola düş, xalqımızın hərbi bilinsin,
Qaldır igidim yumruğunu, zərbi bilinsin.