“Ədəbiyyat və incəsənət” portalı Fərqanə Səfərlinin yeni şeirləri ilə tanışlığı davam etdirir. Bu gün oxuculara gənc müəllifin 3 şeirini təqdim edəcəyik.

CƏZALI QƏZA

Ömrümü qoymuşam atın belinə,
Yüyənini tuta bilmirəm
Amma.
Çalışıram ayaq-ayağa verim,
Nə edirəm, çata bilmirəm
Amma…
Bu at keçib zamanımın üstündən –
Həm yorğası,
Həm dördnalı cəzadı.
Hərdən dizləri üstə dincəlməyi,
Yatmış arzularım üçün qəzadı…
Bu qəzamla hüzuruna gəlmişəm,
Ey Allahım, babalımı de,
Bilim.
Mən qulunam, bəlkə tərsə dönmüşəm –
Tərs haramdı,
Halalımı de, bilim.

GUYA Kİ…

Bismillahla keçib arxın üstündən
Ağırlığı suya atdıq
Guya ki.
Yağışa küləyin göz yaşı deyib
Ah-vayına çətir tutduq
Guya ki…
Bir gün ölüm mələk üzlə gələcək,
Qorxu çəkdik sabahadək
Guya ki?
Yorğan tapıb uzatdıq savabların
Ayaqların günahadək
Guya ki…

GERÇƏK ADAMLAR

Biz gerçək adamlarıq:
Hərə bir cür anlayır
Dünyanın qərib üzün –
Fitvasına bağlayıb
Gecəsin, həm gündüzün.

Biz gerçək adamlarıq:
Həqiqətdən güc aldıq,
Yalanla yoğrulmadıq-
Dünyanın daş yerinə
Boş yerə doğulmadıq.

Biz gerçək adamlarıq:
Nəfsimizin halına
Haqqımızla yanırıq –
Bircə addım geridə
Səbirlə dayanırıq.

Biz gerçək adamlarıq:
Gülümüzdə arılar
Şəfqətini anlayır –
Bal yığa bilməyəndə
Pətəyini danlayır.

Biz gerçək adamlarıq:
Saatımız köklənib
Həqiqətin vaxtına –
Yovşan kök üstə bitir
Hər yoncanın baxtına.

“Ədəbiyyat və incəsənət”

(01.03.2024)

Mənbə: https://edebiyyatveincesenet.az/