Dəf eyləsə qəlbindəki bəd niyyəti insan,
Çəkməz əməlindən əzabı, zilləti insan.
Dünya malına aldanaraq qəflətə uymuş,
Yığmış nə qədər axirətə töhməti insan.
Hər kəs ki: -Günahkar deyiləm,-söyləsə uyma,
Çünki yaranışdan qazanıb lənəti insan.
Bildinmi neçin Adəmi cənnətdən atıb Haqq? –
Təkrar özü qoy dərk eləsin cənnəti insan.
Allah verəcək hər iki dünyada əcr bil,
Şeytandan əgər eyləməsə minnəti insan.
Olduqca, Müzəffər, gözü tox, qəlbi firavan,
Axtarmaz uzaqlarda malı, sərvəti insan.