Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü
40 yaşımda təbrik gözlədiyim bir adamın «Pul səndən niyə qaçaqdır» sualına ağı
Qırx ildi çəkirsən dara,
Dərdimə olmursan çara,
Qaragün adama qara,
Ağgun adama da ağsan,
Pul, məndən niyə qaçağsan?
Atım yox, səyirdim, çapım,
Ta dartma, qırılır sapım,
Üzünə bağlıdır qapım?
Günahı saçağ-saçağsan,
Pul, məndən niyə qaçağsan?
Hələ də xal altda xalam,
Eh, arzum dəymədi, kalam.
Uşağın yanında lalam,
Sənin nə vecinə, cağsan,
Pul, məndən niyə qaçağsan?
Hirsimdən ağ gördüm çölü,
Gümanım lal sevda gölü…
Kiminin gözündə ölü,
Kiminin gözündə sağsan,
Pul, məndən niyə qaçağsan?
Tamarzıdı canım axı,
Boşa gedir anım axı.
Nə qədər utanım axı,
Əlçatmaz təpəsən, dağsan,
Pul, məndən niyə qaçağsan?
Məni quru ah bilirlər,
Gah bilmirlər, gah bilirlər.
Sənisə Allah bilirlər,
Nolar başımıza yağsan…
Pul, məndən niyə qaçağsan?
Ruhum bir qövmə «nun» olsun,
Ya Atilla, ya Hun olsun…
Adamsan, Allahun olsun,
Bir yol da bu canı bağ san,
Pul, məndən niyə qaçağsan?