1425097377_11006139_657467767712978_2018236402_n

Günel Yağmur (Eliyeva Günel Qəzənfər qızı) 1991-ci ildə Şuşa səhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirib, hal-hazırda Laçın rayonu E.Əliyev adına Fərəcan kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi, eləcədə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir.

GÜNAHSIZ ”QATİL”

Kimsəsizlər adasına yola saldım düşüncələrimi,
Uzaqlaşdırmaq istədim mənim olan dünəni,
Köksünə xəncər sancıb ölümünə bais olduğum
Xatirələrimin yasını tutdum sonra.
Gözlərimdə məzar qazdım ,
Elə oradaca dəfn etməkçün illərin əzabını.
Gözdən iraq olsa könüldən də uzaq düşəcəyi qorxusu vardı.
Bəlkə də qəlbimdə.
Fərqinə varmırdım bəzən davranışlarımın,
Gah öldürüb, gah diriltmək istəyirdim hisslərimi.
Axı sevginin mərhəməti qürurundan çox olur.
Hisslərimin kölgəsiydim mən də əslində
Hara getsə aparırdı məni də.
Cinayətkar həbsə məhkum olmalıdır.
Mənimsə cəzamı verən olmadı.
Qatil idim mən də.
Fəqət günahsız” qatil”.
Məhkumlar başqalarına əzab verənlərdir.
Mənsə içimdəki insanı öldürmüşdüm
Xatirələrimin ölümünə səbəb olarkən…

METAFORA

Bu gün ilhama gəlib,
Şeir yazır buludlar,
Qüssə adlı nəğməni
İfa edir ağaclar.
Ürək neftsiz, benzinsiz,
Qəmindən, kədərindən
Od tutub hey alışar.
Dalğalar aği deyib,
Dənizini qucaqlar.
Bir başqadir ,elə bil,
Bu gün çilğin təbiət.
Solub üzü, bənizi,
Dəyişib əski səsi.
Dünyaya vida edib,
Gedib sanki əzizi.
Göy üzündən ələnir,
Hər yerə səpələnir,
Sonra da heçə dönür.
Qəmli- qəmli yağışlar