Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Qorxudur canımı ayrılıq köçü,
Hər addım səsindən qapım titrəyir.
Nə vaxtdır ucuna üzük bağlanıb,
Suya sallamaqdan sapım titrəyir.
Şeytan adam kimi təmənnadadır,
Nə bir sevməyi var, nə bir sevdası.
Dualar ovcumda çürüyür elə,
Artıb torpağın da qəbir sevdası.
Bu boyda şəhərdə bir adam yoxdur,
Təklik acısından solur şam bədbəxt.
Sənin bir günahlıq alın yazın var,
Mən başdan-ayağa günaham, bədbəxt.
Dolu küçələrdə boşluq qıy vurur,
Yaman öyrəşibdi möhnət, qəm bura.
Bu şəhər elə bil bir quyu olub,
Kim kəsib kəndiri, düşmüşəm bura?!
Elə bulanmışam, min il gərəkdi
Sakit bir hücrədə kükrəyim, çöküm.
Adam axtarıram, tutub əlindən
Üstünə ağrımı-acımı töküm.
Bu boyda şəhərdə təkəm elə bil,
Sən də, elə bil ki, zəlisən artıq.
Mən sənə demişdim, bu qədər sevmə,
Gecdir… gözün aydın, dəlisən artıq.