Dünən deyildimi ilk görüş Cabir?

(Yaxın dostum, şair Cabir Novruza)

Bizdədir kədəri, dərdi cahanın,
Yaşıd olmasaq da bir yaşa dolduq.
Eyni dünyasıyla iki ananın,
Dünyada nə qədər biz doğma olduq.

Sirli bir taleyin izinə düşdük,
Orda dağlar qoşa, kəndlər qoşadır,
Biz ki, bir qatarda payız görüşdük,
Qatar yenə gedir, üzü qışadır.

Bəxt çəkdi sınağa mənimlə səni,
Nə qədər bəlaya biz sinə gərdik.
Qoşa bacı olmuş iki sevgini,
Qoşa qardaş kimi vaxtsız itirdik.

Sürətli yollardan mən asta getdim,
Axı dəyişməsin xasiyyət gərək.
Şerin meydanında mən at səyirtdim,
Sənsə qanad açdın üfüqlərədək.

Dünən deyildimi ilk görüş, dünən?
Əfsus dönmək olmur keçmişə, Cabir.
Nə tez gəlib çatdın altmışa sən,
Nə gec mən yetişdim yetmişə, Cabir.

1993