AĞLAYAN ŞEİR
Qırıldım.
Bilirəm eşitmədin.
Ciliklərim doğradı içimi, sızıldadım.
Kədərlənmə deyə,
Gülüşümü sərdim
ağrılarımın üstünə…
Qarşılıqsız bir sevginin,
səfil xəyallarına dala-dala
unutmuşam özümü.
Toplamağa çalışıram qəlbimi.
Ciliklərim doğrayacaq hisslərini,
ən yaxşısı toxunma.
Yığışdır addımbaşı unutduğun ümidləri,
yığışdır.
Yeriməyim çətin olur.
Yapışır ayağıma ümidlərin.
Toxunma yarım qalmaq istəyim var.
Bu şeirdə qarşılıqsız bir sevgimə ağladım .
Ağladim…Ağladım…
Göz yaşımda həsrət üzdü
ümidimin sahilinə çatmağa.
VƏTƏNSİZ YAŞAMAQ
Qürbət elin baharı da qar imiş,
Naz-neməti çinar verən bar imiş.
Burda həsət ömrə vəfadar imiş,
Yad ellərdə keçən ömrün dadı yox..!
Vətənsiz yaşamaq… Bunun adı yox…
Nə yaşda olsan da, uşaq kimisən,
Kim axtarasan, burda kimi, sən?
Nəylə ovunasan, nəylə isinə? –
Yad ellərdə keçən ömrün dadı yox..!
Vətənsiz yaşamaq… Bunun adı yox…
Tikan üstündəsən hər an, elə bil,
Sabaha etmirsən güman, elə bil…
Ha dedim, ha güldüm amma ki, Qabil,
Nə nöqtə, nə sual, nə nidadı… – yox,
Vətənsiz yaşamaq… – bunun adı yox…
Ukrayna, 04.10.2012