Polad Sabirli

Hər gün bir dərd doğa-doğa,
Canım çəkib başa dərdi.
Gördüm ki, dağ çəkdi dağa,
Mən də çəkdim dişə dərdi.

Söz ruhuma gəlir göydən,
Duya bilməz yoldan ötən.
Ömrüm boyu mənimlə mən,
Bir çəkmişəm qoşa dərdi.

Su torpağa necə hopur,
Dərd də məni elə tapır.
Ah çəkəndə yer, göy qopur,
Necə verim boşa dərdi.

Bu dünyada cənnətimlə,
Öz-özümə rəğbətimlə.
Qürurumla, qüdrətimlə,
Döndərmişəm daşa dərdi.

Dərd əlindən etdim təlaş,
Öz içimdə yavaş-yavaş.
Bulaq olub gözümdə yaş,
Gətirməsin xoşa dərdi.

Dərd keçirib mən qarmağa,
Ova çıxdım söz tutmağa.
Təbim də söz yığa-yığa,
Yaman tutub tuşa dərdi.

Polad, duyub bilməkdənsə,
Havalanıb gülməkdənsə.
Günah edib ölməkdənsə,
Səssiz-küysüz yaşa dərdi.

19.12.2015