Polad Sabirli

Baxmayıb çətinə, ağ-qarasına,
Tikəsin yarıya bölən görmüşəm.
Məlhəm neyləyəcək söz yarasına,
Sözündən yıxılıb ölən görmüşəm.

Şairin şeirdir, sözdü var, yoxu,
Söz yoxsa hədəfdən yayınar oxu.
Ürəklə gözünü yaşardar çoxu,
Ürəksiz gözünü silən görmüşəm.

Köz üstə qovrulur köz-közdü ürək,
Toxunma yandırar alovdan əl çək.
Odu söndürəcək, oda dönəcək,
Yaxşı ki, sevgiyə güvən görmüşəm.

Gördüyü hər işin əlhəmin tutan,
Ləngərin saxlayan, yöndəmin tutan.
Sanbalın qoruyan, həmdəmin tutan,
Eşqin məbədinə dönən görmüşəm.

Gözdən pərdə asan, pərdələnən də,
Bəxtindən küsən var, bəxt güləndə də,
Polad, tonla gəlir dərd gələndə də,
Dərddən havalanıb gülən görmüşəm.

28.11.2015