scb

Dünya!

Sənin üzünə heç ağ olmuşammı?
Məni üzüqara eləmə, dünya!
Hər işdə üzümü ağ et, bəsimdir,
Könlü para -para eləmə, dünya!

Sakitcə işimi görüb gedirəm,
İzninlə meyvəndən dərib gedirəm,
Bir nəfəs misralar sərib gedirəm,
Ruhumu biçara eləmə, dünya!

Nə olsun atasız, anasız təksən,
Sevgi verə bilsən, eşq görəcəksən,
Yetimin başına bir sığal çək sən,
Qəlbini dərd yara eləmə, dünya!

Dünən qarşıma çıxdın,
Ürəyim dağa döndü.
Sevincimdən az qala
uçdum göyün qoynuna.
Bir anlığa unutdum,
Həsrətli uçurumu.
Xatırladım gecdən gec,
həyatın acısını.
Susdura bilmədim ki,
Qəlbimin sancısını.