scb

Vəfasız!

Mənsiz ürəyində çoxmu boğuldun,
İntihar etdimi tər xəyalların?
Günəşsiz sabahın necə açıldı?
Mənimlə başlardı hər xəyalların.

Məni misra-misra öldürmədinmi?
Qiyamət qopdumu dirilim, gəlim?
Lal baxış dilləndi, sən dillənmədin,
Mənim də sevməyə getmədi əlim.

Vəfasız, de görüm, indi necəsən?
Ruhunu titrədən qadın bəs hanı?
Halı pərişansan, çoxmu incidin?
Nə bildin, üzəndə günahsız canı?

Hər dəfə əsəndə dəli küləklər,
Qıyılı gözlərin yadıma düşür.
Gecə ay işığın yaydıqca yerə,
Bilirəm, ruhumuz yenə görüşür.

Ərköyündür məhəbbət,
Bir dodaq büzməyi var.
Od saçan baxışıyla,
Gözləri süzməyi var.

Ərköyündür məhəbbət,
Qapını çırpa bilir!
Könlünə dəyən olsa,
Küsüb yola düzəlir.

Ərköyündür məhəbbət,
Aşiqlər dözsün gərək.
Əhdinə vəfalıdır,
Kəsmişdirsə duz-çörək.