Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin gənci” mükafatçısı, Prezident təqaüdçüsü
Onu görəndə qəlbimdən qəribə hisslər keçdi. Hələ də bu hisslərə ad qoya bilmirəm. Bizim adətlərə görə evli qadınların başqa kişilərə baxması günahdır, amma özümü saxlaya bilməyib ona ara-sıra diqqətlə baxırdım. Orta yaşlı, hündürboy, kürən bir kişi idi. Yanaqları da qıpqırmızı. Heç ukraynalılara bənzətməsəm də, dedilər ki, Ukrayna səfirliyinin əməkdaşıdır. Arada öz həmvətənlərinı yaxınlaşıb nə isə deyir, yardım maşınına yüklərin yığılması üçün göstəriş verir, arada yox olurdu. Hava çox soyuq idi. Lap adamın iliyinə işləyirdi. Yanımızda çay satan arabaya yaxınlaşıb çay almaq istədim, bir cavan oğlan dedi ki, ehsandır, pulunuzu cibinizə qoyun! Sonra məlum oldu ki, ehsanı verən yaxınlıqdakı otelin sahibi imiş. Ukrayna səfirliyinin qabağında müharibə qurbanlarının şəkilləri asılmışdı. Baxdıqca göz yaşlarımı saxlaya bilmirdim. Birdən yanımdan kimsə sürətlə keçib getdi. Geri dönəndə gördüm, bu, həmin ukraynalıdır. Məncə, o məni ağlayanda görmüşdü, amma özünü görməməzliyə vurmuşdu. Sürətlə tini buruldu, mən də onun arxasınca getdim. O yenə yoxa çıxmışdı. – Ay allah, bu kişi quş olub uçmadı ki? – öz-özümə dedim. Sonra əlavə etdim – Axı sənə nə düşüb tanımadığın kişinin arxasınca düşmüsən. Bu qədər işin arasında indi durub onu axtarmalıyam? Yolumu dəyişib sağdakı səki ilə geri qayıdırdım, gözüm gözdən-könüldən uzaq bir tində oturan adama sataşdı. Deyəsən, aradabir tərpənirdi. Başını dizlərinin arasına alan bu adam bəlkə də son nəfəsini verirdi. Yox, mən onun yanından etinasız keçib gedə bilmərəm. Ən azı təcili yardım çağıra bilərdim. Yaxınlaşanda gözlərimə inanmadım. Bu həmin ukraynalı idi. Başını dizlərinin arasına alıb çarəsizcəsinə ağlayırdı. O, həyatım boyu ağladığını gördüyüm ilk kişi idi. Bizdə belə bir məsəl var: “Kişilər ağlamaz”. Doğurudan da mən heç vaxt atamı ağlayan görməmişdim. Ən ağır xəstəliklə çarpışanda da gözündən bir damla yaş çıxmamışdı. Heç ərimi də müflis olan zamanlarda ağlayan görmədim. Bir anın içində kəşf etdiyim o ukraynalı isə elə sakitcə ağlayırdı ki. Bir anlıq quş olub onun yanına uçmaq, göz yaşlarını silmək istədim. Yəqin məni ağlayan görüb təsirlənmişdi. Ya da arvadı və indi Ukraynada döyüşən oğlu üçün ağlayırdı. Ola bilər anası orada olsun, nə qədər bura gətirməyə çalışsa da qadın öz el-obasından aralaşmaq istəməsin. Bəlkə də, gizli eşqi, hansısa ağıla gəlməyən əzizi üçün ağlayırdı. Bir dəqiqənin içində ağlıma yüz fikir gəldi. Amma yalnız birində özümü onun yerinə qoya bildim. Əgər mənim yaşadığım əraziyə bomba düşsəydi ən çox nə üçün ağlayardım? – Nə qədər təəccüblü səslənsə də, həyətimizdəki qocaman tut ağacı üçün ağlayardım. Anamdan tutmuş övladıma kimi hamı yadıma düşmüşdü. Ən azı bir təskinlik kimi onun yox olmasını istəmərəm. Tutaq ki, müharibə qurtarandan sonra o ağacın yerində yenisini və daha möhkəmini əkdilər, bəs xatirələr? Onları nə ilə əvəz edəcəyik? Bəlkə də, atamı itirəndən sonra təskinlik üçün o ağaca sarılar, həmişə yıxılanda əlimdən tutub qaldıran o adamın yoxluğu üçün köks ötürərdim. Hələ bəxti qara məhəlləmizi demirəm. Məktəbdə ayaqqabılarımızın palçığı ilə başqa məhəllələrin uşaqlarından seçilərdik. Mən uşaq olanda rəsmilər deyirdi ki, az qalıb, sizin də məhəlləyə yol çəkiləcək. İndi mənim öz uşağım var, amma hələ də məhəllənin yolu düzəlməyib. Hər o yoldan keçəndə uşaqlığımın acı və şirin xatirələrini yada salıram. Bəlkə də, bombardman olsaydı, hökumət sonradan bura şüşə kimi son model yol çəkərdi. Amma o yeni yolda mənə aid heç nə olmayacaqdı. Beləcə özümü ukraynalının yerinə qoyub beynimdə xatirələrimi canlandırırdım. Onu utandırmamaq üçün yanından etinasızca keçdim. Addımlarımı sürətləndirib arabadan bir stəkan çay götürdüm və geri döndüm. Çayı onun qarşısına qoyanda cibindən dəsmal çıxarıb üzünü sildi. Mən dərhal ondan uzaqlaşdım. Yardım üçün gətirdiyim tibbi məhsulları təhvil alan xanım mənə dedi ki, onların bəzilərini geri qaytaracaqlar. Belə də iş olar? Mən onları öz əllərimlə alıb qaça-qaça bura gətirmişəm. Müharibənin bu ağır vaxtı niyə götürməsinlər? Səbəbi isə çox sadə imiş: aldığım məhsulların bəzisi Rusiya istehsalı idi! Hər gün ölümlə çarpışan Ukrayna xalqı düşmən binti ilə yarasını sarımaqdansa ölməyi üstün tuturmuş! Səfirlikdən təzə uzaqlaşırdım ki, arxadan kimsə məni çağırdı. Həmin ukraynalı idi. Mənə minnətdarcasına boş çay stəkanı göstərdi və tələsik yaxınlıqdakı tırın sürücüsünə yaxınlaşdı. Sonra isə yardımlar yığılan otağa daxil oldu. Ukraynalı kişi kənarda ağlasa da, öz işçilərinin – ona güvənənlərin yanında məğrur görünürdü. Sonuncu ölən ümidlərdir. Azadlığın bütün dillərdə adı eynidir!