Sizi 90 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir,  Uca Tanrının izni ilə sağlam şəkildə 100 yaşı adlayıb keçmənizi diləyirəm.

        Siz çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus sözü, yeri və nəfəsi olan şairlərimizdən birisiz. Özümü xoşbəxt sayıram ki,  Sizi şəxsən tanımaq, dəfələrlə həmsöhbət olmaq, həyata və dünyaya müdrik baxışlarınızın ifadəsi olan dərin məzmunlu söhbətlərinizi dinləmək səadətini yaşamışam.

        Muğan bölgəsində sözün daha çox dəyər qazanmasında, poeziyanın, ümumilikdə ədəbi dəyərlərin xalq arasında sevilməsində Sizin böyük əməyiniz danılmazdır. Siz 1971-ci ildə Salyanda yaranan “Kürün töhfəsi” Ədəbi Birliyinin ilk sədri olmusuz. Bir neçə il bu ədəbi quruma rəhbərlik etdikdən sonra Neftçalada yaranan “Xəzər nəğmələri” Ədəbi Birliyinə sədr seçilmisiz. Nə mutlu mənə ki, ilk sədri Siz olduğunuz “Kürün töhfəsi” Ədəbi Birliyinə 8 il – 2000-ci ildən 2008-ci ilə qədər rəhbərlik etdim. O zamanlar mənə ilk xeyir-dua verən ağsaqqallardan biri Siz oldunuz. 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin Salyanda keçirilən təsis konfransında Xalq yazıçısı Anarın təklifi ilə Bölmənin sədri seçildim. Bölməyə rəhbərlik etdiyim bu 7 ildə də hər zaman  Sizin mənəvi dəstəyinizi hiss etdim. Son 40-50 ildə Muğan bölgəsində doğulub boya-başa çatan qələm adamlarının çoxu Sizi özünə ustad, müəllim hesab edir, Sizdən öyrənir, bəhrələnirlər. Siz bu gün də ömrünüzün müdrik çağında yazıb-yaradırsız, Neftçalada “Xəzər nəğmələri” Ədəbi Birliyinə rəhbərlik edirsiz, onlarla yaradıcı gəncə yön verirsiz.

      Siz zəngin həyat yolu keçmisiz. Ləyaqətli ömür yaşamısız. Millətimiz və dövlətimiz adına alqışa layiq əməllərə imza atmısız.  Böyük şairimiz Xəlil Rza Ulutürkün dediyi kimi saniyənizi qızıl kimi xərcləmisiz. Bu nədənlə 90 yaşınızda Muğan elinin ağsaqqalı kimi qutsal bir titulu haqq etmisiz. Belə ömür və belə ağsaqqallıq hər Tanrı bəndəsinə nəsib olmur.

       Dəyərli şairimiz, əziz ağsaqqalımız, Soltan Abbas!

       Sizi bir daha 90 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. Canınız hər zaman  sağlam, başınız uca olsun.

          Tanrının izni ilə 100 yaşınızda görüşənədək.

                                                       Sayğılarımla;

                                                       Namiq Hacıheydərli

                                                       Prezident Mükafatçısı

                                                       Şair, araşdırmaçı