“Artıq bir il ötdü Azərbaycan filologiyasında Əzizxan Tanrıverdinin yoxluğundan” – yazmaq istəyirəm. Amma əlim gəlmir. Adını eşitcək boğazımda düyünlənir sözlər… Nə? Əzizxan Tanrıverdi yoxluğu? Əgər insan qoyub getdiyi irsi ilə yadda qalırsa, xatirələrdə yaşayırsa, hansı yoxluqdan söhbət gedə bilər!? Əzizxan Tanrıverdi 23 kitab, 180 sayda elmi məqalə irs qoyub və mərd insan xarakteri ilə yaddaşlarda yer edib.
Filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi türk mənşəli Azərbaycan şəxs adlarını ilk dəfə olaraq tarixi-linqvistik müstəvidə tədqiq etmişdir. “Kitabi-Dədə Qorqud” abidəsində işlənən şəxs adları, dağ kultu, at kultu, obrazlar sistemi, assonans və alliterasiya kimi məsələləri ilk dəfə olaraq dilçilik və ədəbiyyat müstəvisində kompleks şəkildə araşdırmışdır. Alimin Azərbaycan və ümumtürk elmi üçün göstərdiyi fədakarlıq yüksək qiymətləndirilir. O, 2014-cü ildə “Türk dünyasının ulu atası Korkut” mükafatına layiq görülür.
Əzizxan Tanrıverdi imzası ilə ilk tanışlığım Bakı Dövlət Universitetinin III kursunda oxuyan dövrə – 2015-ci ilə təsadüf edir. Yadımdadır, həmin vaxt “Azərbaycan dilinin tarixi qrammatikası” adlı fənn keçirdik. Bizə seminarlara hazırlaşmaq üçün Hadi Mirzəzadənin kitabından oxumaq tövsiyə olunmuşdu. Bir dəfə məşğələ müəllimi Səmayə xanım dərsə əlində başqa bir kitabla gəldi. Əlavə vəsait kimi gətirmişdi onu. Bu, Əzizxan Tanrıverdinin “Azərbaycan dilinin tarixi qrammatikası” adlı dərsliyi idi. Kitabı gözdən keçirirəm. Bəli, bu, mənim illərdir axtardığım kitabdır. Yox, mən illərdir tarixi qrammatika ilə məşğul deyildim. Mənim axtardığım kitab elmi mübahisə, elmi fikir doğuracaq, tədqiqata yönəldəcək bir kitab idi. Dərslik müəllimə hədiyyə olunduğundan onu ala bilmirəm, amma üzünü çıxardıram. Qrupa da hay salıram “Bu, çox yaxşı kitabdır. Kserokopiya edin”. Bax, həmin kitabla da başladı Əzizxan Tanrıverdi ilə mübahisələrim. Oxuduqca qeydlər edir, araşdırırdım.
İl yarımdan sonra ADPU-nun magistraturasına qəbul olur və dissertasiya mövzumu Əzizxan Tanrıverdinin rəhbərlik etdiyi “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasından götürürəm. Nə ADPU-nu seçəndə, nə də dildən dissertasiya yazmağa qərar verəndə Əzizxan Tanrıverdinin orada mənim tələbəsi olacağım kafedrada işlədiyindən xəbərim yox idi. Bu zamana qədər onu qiyabi tanıyırdım. Əyani tanışlığımın isə maraqlı bir tarixçəsi var… Bir imtahan sonrası tanımışdım onu. Belə ki, imtahan öncəsi bizə verilən suallarla imtahandakı sualların uyğun gəlmədiyini kafedraya bildirdik və imtahanın vaxtı dəyişdirildi. Koridorda rastlaşırıq. Tanımıram nə mən onu, nə o məni. Ancaq üzündən oxunurdu gərginliyi. Rəfiqəm böyrümü dümsükləyərək Əzizxan müəllimi nişan verdi. Uzun-uzun baxdım və görsəm bunu soruşaram dediyim fikirlər gəldi keçdi ağlımdan. Deyəsən o da duymuşdu bunu. Baxır, təbii ki tanıya bilmir. Mən də tez üzümü çevirirəm.
Növbəti, Əzizxan müəllimin də dediyi o “unudulmaz görüş” yenə bir imtahan sonrasına təsadüf etdi. Bu dəfə mən də gərgin və əsəbi idim, imtahanda haqsız surətdə balım kəsildiyinə görə. Bir kafedra müdiri kimi gəlmişdi onda – məsələni həll etmək, müəllimlə mənim aramı düzəltmək və mənim nə dərəcədə haqlı olduğumu aydınlaşdırmaq üçün. O kafedra müdiri idi və kafedrasını sona qədər qorumağı borc bilirdi özünə. Yaxşı xatırlayıram, apelyasiya otağında onu görəndə dərhal “mənə həmin müəllimi çağırın” dedim. O isə “qəsdin nədi? Bilirsən ki, o özü bu suallara cavab verə bilməyəcək, yenə onu istəyirsən?” demiş və əgər mənim balım qaldırılsa, müəllimin ağır töhmət alacağını bildirmişdi. “Mənim də bu bala görə təqaüdüm kəsilir” demişdim. O, yalnız “yəqin ki bilirsən mən yoxlasam səhv tapacağam və balın bir az da kəsiləcək” deyəndə razılaşdım onun yoxlamağına. Vərəqi o yana-bu yana çevirib bir səhv tapmayanda mənim imtahan biletinin birinci sualını rum rəqəmləri verib yanına nöqtə qoymağıma gözü sataşdı. Bəli, bu, texniki səhv idi. Doğrunu yanlış yerində qoyub texniki səhvə görə bal kəsmək vicdan məsələsidir. O, bu səhvi bal kəsməyə görə və mənim haqsız olub geri çəkilməyim üçün etməmişdi. Bir müəllim qayğısı ilə “niyə bundan sonra nöqtə qoymusan?” sualını verdi və mən “olmamalıdır?” deyə təəccüblə soruşanda rum rəqəmlərinin yaranma tarixçəsindən danışdı. O, sözünü bitirmədən mən balın haqlı yazıldığına dair qol çəkdim. İlk dəfə “nə olursa-olsun dönməyəcəyəm” vədimə xilaf çıxırdım. Bu, mənim heç vaxt etmədiyim bir hərəkət və ilk dəfə atdığım bir addım idi. Mən yenə ondan öyrəndim. Bəli, o, mənə öz pedaqoqluğu ilə qalib gəldi.
Praktika dönəmində Əzizxan Tanrıverdinin kitabları ilə daha yaxından tanış oldum. Kafedradakı kitab şkafının bir rəfində Əzizxan müəllimin kitabları yer alırdı: “Koroğlu”nun şeir dili”, “Dəli Kür” romanının poetik dili”, “Anarın nəsri”, “Azərbaycan dilinin tarixi qrammatikası”, “Kitabi-Dədə Qorqud”da şəxs adları”, “Kitabi-Dədə Qorqud”un obrazlı dili”, “Dilimiz, mənəviyyatımız”, “Poeziyanın dili, dilin poeziyası”, “Dədə Qorqud kitabı”nda at kultu”, “Dədə-Qorqud kitabı”nda dağ kultu”, “XVI əsr qıpçaq (poloves) dilinin qrammatikası”,“Kitabi-Dədə Qorqud” və qərb ləhcəsi”. Onları oxuduqca suallarım artırdı. Hələ ilk oxuduğum kitabından başlanan mübahisələrimiz apelyasiya boyunca, praktika boyunca sürdü. Hətta “Kitabi-Dədə Qorqud”un söz dünyası” kitabından ilhamlanıb bir elmi məqalə – “Baybörə oğlu Bamsı Beyrək boyu”nun dilində işlənən nitq etiketləri” yazdım. Bu dövrdə onun iki kitabı da – “Dilimiz, düşüncəmiz” və “Türkologiyamızın Afad Qurbanovu” yeni çapdan çıxmışdı. Yadımdadır, elmi-tədqiqat təcrübəmizin bir günü sonuncu Çərşənbəyə düşmüşdü. Həmin gün onun göstərişi ilə hərəmiz bir şeir səsləndirdik və üç nəfər birinci kitabdan resenziya və rəy nümunəsi oxumuşdu. Mən də “XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası” adlı rəy məqaləsini oxumuşdum və oxuduqca söylənən mətləblərə öz rəyimi bildirmişdim. O gün də unudulmaz oldu bizim üçün. Bəllidir ki, şeirlə, ədəbiyyatla keçən hər gün unudulmazlıq qazanır.
Əzizxan Tanrıverdini ya koridorda tələbələrin suallarını cavablandırarkən, ya kafedrada tələbələri sorğu-suala tutarkən, ya da öz müəllim yoldaşları və tələbələri ilə hansısa bir məsələ ətrafında müzakirə edərkən görərdin. Danışa-danışa bitməzdi onun Dədə Qorqud barədə söhbətləri… Əzizxan Tanrıverdi bir müəllim kimi hər zaman hamının işi ilə maraqlanır, ona verilən sualları həvəslə cavablandırırdı. Bir alim kimi elmi mübahisə doğuran, yaxud tələbələr üçün qaranlıq qalan məsələləri qabardır, onlara aydınlıq gətirirdi. Bir kafedra müdiri kimi “əsas tələbələrin işləridir. Arzu xanım, Sənubər xanım, müəllimlər diqqətiniz onların üzərində olsun. Nə əyər-əskikləri varsa başa salın düzəltsinlər” deyə tapşırıq verirdi. Bax, budur Əzizxan Tanrıverdinin örnək olası şəxsiyyəti!
Əzizxan müəllim tələbənin könlünü xoş tutan müəllimlərdən deyildi. Onun hər zaman yanında olan, haqqını kəsməyən, onu ruhlandıran, tənbəlliyinə görə danlayan böyük bir pedaqoq idi. O, daim tələbələri zəhmətkeş olmağa səsləyirdi. Onun “pis yazsanız da özünüz yazın. Təcrübəsizlikdən buraxdığınız səhvləri zamanla, yazdıqca, püxtələşdikcə düzəldəcəksiniz” sözlərindən neçə tələbə ilham alıb tez bir zamanda qorxmadan, özünə inanaraq özü yazıb tamamladı, “bütün elmi mənbələri yoxladıqdan sonra bir yekun qərara gəlin” şəklində verdiyi tövsiyə, əminəm ki, neçə tədqiqatçının ana prinsipinə çevrildi.
Praktika dövründə öyrəndik xəstə düşməyini… Sarsıldıq. Heç kim gözləmirdi bu xəbəri, heç kim inana bilmirdi. Bir neçə ay sonra da itirdik onu. Sonuncu dəfə mayda ADPU-ya gedişimdə gözüm hər yerdə Əzizxan müəllimi axtardı. Bircə kitabları qalmışdı kafedrada. Nə özü, nə səsi vardı. O zaman anladım Əzizxan Tanrıverdi yoxluğunu. Yasında xanımının dediyi “o həmişə deyirdi məni tələbələrim yaşadacaq” sözləri unuda bilməyəcəyəm. Heç kimdən nəsə ummadan ancaq Azərbaycan elmi üçün çalışan, 28 illik pedaqoji fəaliyyətini tələbələrini əsl müəllim, əsl alim kimi yetişdirməyə adamış Əzizxan Tanrıverdi adını tələblərin uğurları yaşadacaq və onun elm qarşısında çəkdiyi fədakar zəhmətə minnətdarlıq hissi ilə xatırlanacaq.