Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,
Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.

Taleyin yazılıb bu çölə, düzə,
Bəxtin dəyənəyə, çomağa düşüb.
Hay-haray salmısan köçü Arana,
Gah yolun yaylağa, gah dağa düşüb

Söykən çomağına, söykən, eloğlu,
Quşgözü seyr elə bu çölü, düzü
Görən kim ağladıb bu buludları,
Göyün ayağını yerdən kim üzüb…?

Səni də sabaha tez çıxaracaq,
Qoyunlu yuxular, yunlu yuxular.
Hələ ki, üyüdür dərdimizi də,
Dəyirman yuxular, unlu yuxular…

Bu qaşqa təkələr, bu azman qoçlar,
Hələ ac saxlamaz, tox saxlar bizi.
Birdən göy otlara yuxu satarıq,
Çəpişlər, quzular soraqlar bizi.

Uzat ayağını bu çöl düzündə,
Birazca ayağın dinc qalsın belə,
Çomaq qorxusu var qoyunun canında,
Ölmək qorxusu var gözündə hələ…

Söykən çomağına, söykən, eloğlu,
Dərdini qoyuna, quzuya denən.
Dişinin dibində sıx, saxla hələ,
Dərdini Tanrılı yazıya denən!

Ovut kədərini çöllərdə ovut,
Qurut köynəyini buludun üstə.
Açıb qollarını göylərə sarı,
Uzan bu Tanrılı göy otun üstə,
Söykən çomağına, söykən, eloğlu.
Dayan bu qarğıdan boz atın üstə,
Söykən çomağına, söykən, eloğlu!

Mənbə: https://www.seir.az/