Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NEFTÇALA BÜROSUNUN RƏHBƏRİ.

* * *

Mənim bəsirətimdə,
Hər gün neçəsi kordu.
Mənim bəsirətimdə,
Zahid var gorbagordu.

Astar çəksən üzlərə,
Qarışar e düz, dərə.
Allah, baxan gözlərə,
Baxıram işıqfordu.

Qəlb odamda bir sükut,
Gəl səsin rəngini tut.
Bacarsan onu unut,
Bacarmasan, bu, zordu.

Gəldik, tutmadı sövdə,
Doğrandıq gövdə- gövdə.
Eh, mən yaşayan evdə,
Bir hörümçək, bir tordu.

Baxıram, hamı baxır,
Hər sondan bir ilk axır.
Zaman da eynək taxır,
Görək kim kimi yordu?

* * *

Həyat eşqi elə şirin,
İçdim,içdikdə susadım!
Heç nəyin dadı silmədi,
Dodağımdan onun dadın.

Su içində suya təşnə,
Eşqin Kərbəlası budur.
Məhəbbətdən başqa, heç nə
Hər şey sevgiyə uduzur.

Yaşamaq hər gün sevməkdi,
Sevgi olmasa ruh ölər.
Bir təndə iki vətəndə,
Ömrü ayrılıqlar bölər.