
Filologiya üzrə fəlsəfə doktoru, “Həsən bəy Zərdabi” və Rəsul Rza beynəlxalq mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü.
Hələ təbiət yayla-payızın arasında dövr edir. Yaşıl donuna düşən sarı yarpaqlar ağaclara bir özgə yaraşıq verir. Havanın gah isti, gah da sərinliyi, “Həzin sevgilər fəsli”nin özünü yetirdiyindən xəbər verir…
Bir azdan təbiətin üzü bozaracaq, saralmış yarpaqlar fırlana-fırlana ətrafa səpələnəcək. Bağ-baxçaların, səkilərin xəzanı ayaqlar altında xışıldayaraq əziləcək, sonra da torpağa qarışacaq…
Yazın ilıq nəfəsindən, torpağın dirçəlişindən, çöllərin gül-çiçəyindən, bağrı qan lalələrin gözəlliyindən necə duyğulanıramsa, Payızın gəlişi də ruhumda bir özgə aləm yaradır.
Bu fəsildə yar-yoldaşım kədərdi. Yaddaşın ağrılarıyla gələn, məndən çox-çox uzaqlarda qalan çağlarıma ürəyimi söykədiyim həzin kədər… Haralara çəkib aparmır bu kədər məni…
Bəlkə də kədərin içində həsrətindən göynədiyim, kövrəldiyim nostaljilər var deyə, o, ruhuma bu qədər yaxındı, doğmadı…
Payız gələndən kədərlə elə qolboyun olmuşam ki, sevinc də qapımdan içəri girib, bizi ayırmağa cəsarət etmir. Amma o, məni incitmir, ağrıtmır, düşüncələrə dalmağa, dağınıq fikirlərimi yerbəyer etməyə yol göstərir…
İnsanı təkliyə, tənhalığa çəkib aparan bu civərək duyğu heç bilmirən nə vaxt gəlir, hardan gəlir, necə tapır məni. Bir də görürəm, yağış kimi başımdan tökülür, kövrəldir, közərdir tənimi. Payızla qoşa gəlir, bəlkə payız onu zərif və xəfif bir səs kimi, səda təki qəlbimə çiləyir. Bir də görürəm, səslərin və rənglərin yaratdığı ecazlı bir harmoniya ruhumu kədərlə çulğadı…
Və məndən o yanda narın-narın çisəklərdən bir peyzaj yarandı. Sarı donlu həzin kədər gəlişilə yaddaşımı közərdir. Gözümə, könlümə dolub uzaqlara çəkir məni. Deyirəm, hara aparırsan apar, təki yolum aydın sabahlardan keçsin. Sən taleyimin yazısı, yar-yoldaşımsan. Səni necə sevməyim, Kədər…
Gözəl sabahlara yol almaq ümidilə…