
ŞƏKİL ÇƏKDİRƏNDƏ
İnsan gözəl bir
mənzərə görən kimi,
ürəyində şəkil çəkdirmək
istəyi oyanır…
Ya əzəmətli dağın,
ya dalğaıı dənizin
önündə dayanır…
O, bənzəmək istəyir,
çiçəkli yamaca,
dənizdən boylanan günəşə…
İnsan gözəlliyə arxalansa da,
Özü də bilmədən
Ona arxa çevirir həmişə!
25.07.2019
Bodrum, Torba.
BİLMİRƏM
Ürəyim od götürür yanıqlı ney səsindən,
Nədir belə ağladan qırıq neyi? – Bilmirəm
İnsan naşükür olmaz, Allah, məni bağışla,
Mən kimə eləyirəm bu gileyi? – Bilmirəm…
Dadsaq da yaratdığın yüz nazdan, yüz nemətdən,
Baş açmaq mümkün deyil sehrli təbiətdən,
Matım-qutum quruyub, həyəcandan, heyrətdən, –
Sən necə yaratmısan yeri, göyü? – Bilmirəm…
Hələ dağ görməmişdim ayrılıq dağı kimi,
Dərdə məlhəm tapılmaz vətən torpağı kimi,
Həyəcandan titrəyir nanə yarpağı kimi, –
Mən necə ovundurum bu ürəyi? – Bilmirəm…
Heç kəs ayrı düşməsin obasından, elindən,
Bilmirəm hara qaçım bu dərdlərin əlindən?
Gözlərim yolda qalıb, bu dünyaya gələndən
Həmişə gözləmişəm, ancaq nəyi? – Bilmirəm…
16.07.2025