abdullamuellim

Yağır xatirə yağışı,
Sənsiz səma ağlar məni.
Əlindən hara yığışım?
Həsrət qoyub ağlar məni.

Yollar gözümə baqlıdır,
Gözüm dözümə bağlıdır.
Qapın üzümə bağlıdır…
Axşam, səhər ağlar məni.

Ahım gümana bürünüb,
Güman dumana bürünüb.
Duman dağlara sürünüb
Köks ötürər, aglar məni.

Dağlar dağımdan dağlanar,
Yolu dumandan bağlanar.
Mənə ürəkdən bağlanan
Qismət qoyub ağlar məni.

Şimşək buludu doğrayar,
Bulud qəzəbdən ağrıyar.
Dağlar dözməz bu ağrıya,
Çay seliylə ağlar məni.

Zaman donsa, yaş dayansa,
Ömür yarı yaşda yansa,
Quru odda yaş da yansa,
Od diliylə ağlar məni!

Azərbaycan. Quba.