abdullamuellim

Bu sevdanın dərd ələyir ələyi,
Bu ələkdə ələnən mən, qalan sən.
Allah bilir-nələr çəkir ürəyim,
Ürəyimi talan etdin, talan sən!

Uzaq gəzir məndən sənsiz sevincim,
Ərköyünə dönür yerin ürəkdə.
Yüyəninə əl atdığım sevincin
Yoxluğuna dözə bilmir ürək də.

Ürəyimdə yuva qurdun qüssədən,
Həsrətindən buludlanır gözlərim.
Ələdikcə saçlarıma qüssə dən,
Qan ağlayır sənsiz, sənli sözlərim.

ÖMÜR demə yaşadığım bu günə,
Sənsiz, gülüm, tale yolum duman, çən.
Bu sevdanı salan saldı düyünə,
Büdrəyən mən ,inciyən sən, uman sən…

Ayrılığın havasında oynayıb,
Sənsizliyi ürəyimə salmışam.
Yaxınlarım elə məni qınayır,
İki yolun ayrıcında qalmışam.

Göz yumduğum günlər girir gözümə,
Sənli günlər bir-bir gəlir gözümdən
Sənsizliyin ağ olubdur üzümə,
Sən də yoxsan- hara qaçım özümdən?!