Həmişəyev Zaməddin Ziyad oğlu 1947-ci il aprel ayının 1-də Qazax rayonunun Xanlıqlar kədində anadan olub.İlk təhsilini öz doğma kəndlərində alıb.Bakıda neft texnikumunu bitirib.Sonra Moskavada Sosial Münasibətlər Akademiyasının məzunu olub.Gənc neftçi kimi əmək fəaliyyətinə dalğalar, təlatümlər qoynunda qərar tutmuş Neft Daşlarında başlayıb.Gecəli-gündüzlü Xəzərin ayna sularında çətin və şərəfli zəhmətə qatlaşıb.Ömrünün qaynar oynaq çağını düz 25 ilini Neft Daşlarında keçirib.Şeirləri, publisist məqalələri, yumorlu hekayələri, poemaları “Neft daşları”, “Vışka”, “Qaradağ”, “İki sahil”, “Xalq qəzeti”, “Azərbaycan”, “Yeni Azərbaycan”, “Müstəqil Respublika”, “Respublika”, “Şərq”,“Ədalət”, “Göyəzən”, “Dəli Kür” qəzetlərində, “Məshəti”, “Kulina” jurnallarında, ədəbiyyat, o cümlədən müxtəlif mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.”İlham bulağı”, “Vurğuna Vurğun gəlin”, “Tale yolum”, “Turşməzə əhvalatlar”, “Ümid çırağım”, “Borçalı nisgili”, “Həncərisən”, “60 ildən 60 yarpaq”, “İzim, sorağım”, “Həncərisən” kitablarının müəllifidir.2009-cu ildə Müqəddəs Məkkə-Kəbə ziyarətində olub.
Zaməddin Ziyadoğlu Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.”Əmək veteranı” medalı, keçmiş SSRİ və Azərbaycan Həmkarlar İttifaqının 40-dan artıq Fəxri fərmanı ilə qiymətləndirilmiş, o, “Səməd Vurğun”, “Qızıl qələm”, “Əliağa Şıxlınski”, “XXI əsrin neftçisi” mükafatları laureatı olmuşdur.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin 18 oktyabr 2011-ci il tarixli Sərəncamına əsasən Zaməddin Ziyad oğlu Həmişəyev ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüşdür.
“Neftçi” Ədəbi Məclisinin sədridir.Yüz iyirmidən çox neftçi-şairi “Neftçi” Ədəbi Məclisi ətrafında birləşdirə bilmişdir.Otuz dörd qələm sahibinin kitabının redaktoru və ön söz müəllifi olmuşdur.Şeirləri 50-yə yaxın tanınmış şairin kitabına salınmış, publisistik yazıları, müsahibələri, bədii yaradıcılıq nümunələri Azərbaycan, Türkiyə və Rusiyanın 100-dək qəzet, jurnal və dərgisində çap edilmişdir.

MƏNİM ŞAİR ANAM, MİRVARİD ANAM

Anadan olmasının 85 illiyi münasibətilə

Acılı-şirinli ömür yaşadın,
Mənim şair anam, Mirvarid anam.
Qəlbində sevgiylə şeir daşıdın,
Qeyrətli, ismətli, mərd, igid anam,
Mənim şair anam, Mirvarid anam.

Vəlxanda tarlalar ətir qoxuyur,
Karqaya bulağı xalı toxuyur.
Qərib anadillər şərqi oxuyur,
Elin arzusunu nə həddim danam?
Mənim şair anam, Mirvarid anam.

Yamanca darıxıb bənövşə, nərgiz,
Hər səhər seyrə çıx, öz əlinlə üz,
Dəstə, çələng bağla, saçlarına düz,
Çiçəklər qalmasın naümid, anam,
Mənim şair anam, Mirvarid anam.

Didəvan zirvədən bir əl eylədi,
Göyəzən uzaqdan boylanıb dedi,
Damcılı müxtəsər belə söylədi:
-Durur üstümüzdə o haqq-salam,
Mənim şair anam, Mirvarid anam.
Sevdin obmızın şirin dilini,
Vəsf etdin Aveyi, məğrur elini,
Bir şair ömrünün yüzcə ilini,
Zaməddin qəlbinin istəyi sanam,
Mənim şair anam, Mirvarid anam.
Qeyrətli, ismətli, mərd, igid anam.

Qazax, Xanlıqlar, 11 oktyabr, 1997.

QALDIN, QƏLBİMİZDƏ QALDIN, AY CİJİ

Əziz və unudulmaz anamız, Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin Bakı şəhərində yaşadığı binanın önündə barelyefinin açılışı münasibətilə

Yazın astanası.., çərşənbə günü,
Yolunu-evindən saldın, ay ciji.
Yaşatdın bizlərə sevincli ünü..,
Qaldın, qəlbimizdə qaldın, ay ciji!

Ellər şairiydin.., millət anası,
Ulu Xanlıqların gözəl sonası,
Şairlər yurdumdur, şerin binası,
Kövrək xəyallara daldın, ay ciji!

Yaşa gözümüzdə sən tunc biçimdə,
Ağbirçək anamız-sadə seçimdə,
Sevdin bənövşəni, güllər içində,
Aldın, sevgimizi aldın, ay ciji!
Qaldın, qəlbimizdə qaldın, ay ciji!

Bakı şəhəri.14 mart 2006.