1915291_748109358667106_2463672035380493579_n

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Dünya yaranandan insanlar həmişə dörd ünsürü əsas tutub: od, su, hava, torpaq. Sonra illəri dörd fəslə bölüblər: yaz, yay, payız, qış. Evlərimizin də dörd küncü var, ayrıclar da dörd yol arasındadır. Söhbətimiz dörd rəqəmindən başlasa da, əslində, payızdan danışacağıq- üçüncü fəsildən…
Qarşıdan payız gəlir. Xəzanlar fəsli. Şairlər ayrılıq gününü payıza bənzədir, sevgililərinin xəyanətini payızın günahına yazırlar. Sarı yarpaqların havada uçub-uçub yerə düşməsiylə müqayisə edirlər ümidlərin ölməyini. Sonra hələ bir payıza qəmli, kədərli nəğmələr də qoşurlar. Sanki payız günahkardı sevgili yarın vəfasızlığına, elə ruhu sevgidən, gözü dünyadan doymayanlar da payızdan ibrət alıb.
Bəxtiyar Vahabzadə “Yağmurdan sonra”nı qələmə alanda payızın təsvrini şeir dili ilə gözəl verib. Amma, “payızda da eşq başlayarmı?”-sualına cavab olaraq “bəli” də deyib.
Bir payız axşamı yağırdı gur yağış,
Saplandı könlümə alovlu bir baxış.
Bəli, baharda da sevgi yaşanır, payızda da. Əsl sevgilər baharın yaşıllığından da, payızın sarı boyasından da ahənglənir, əlvanlıq ala bilir. Payız-təbiətin ağ, məsum donunu sarı ləçəkli çətirləriylə gətirən gözəl… Soyuqqanlı, laqeyd, bir az da dalğın gözəl… Ana təbiətin bu soyuq qızının da gözləri aladır məncə, elə qarışıq rəngləri kimi. Sarı yarpaqlar, boz küləklər, alatoran sabahlar, nəmli axşamlar… Və payız-dünyanın fani, gələnin bir gün gedəcək ehtimalını insanlara xatırladan “dahi”. Baharda açmağa nə var ki, bir gül kimi?! Ya da elə yayda günəşlə sevgidən danışmağa?! Əsas payızla həmahəng gün keçirməkdir, məncə… Bir az da içində ölən ümidlərdən sarıdonlu soyuq gözəlin payına qatmaqdır, çürüyüb torpağa qarışan yarpaqlar kimi.
Nə isə… Payız gəlir. Eşidilən addım səsləri uzaqda deyil, baxmayaraq ki, uzaq və yaxın həyatın bahar-payız təzadından heç də fərqli deyil. Bəlkə eşələsək elə eyni kateqoriyadan, eyni sinifdəndilər-elmi dildə desək…
Yaxınlaşır soyuq deyə-deyə kədərindən də, sevincindən də cuşə gəldiyimiz payız. Toylar fəsli… Babalarımız demişkən (onları yad eləməyi borc bilək, düşünüb deyiblər)…
Gəlin bu payıza ürəkdən “xoş gəldin” deyək… Ürəyimiz istəyirsə…

Şəfa Vəli (Gəncə)
19.08.2009