1915291_748109358667106_2463672035380493579_n

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Təzə evlilər son iki ayda üçüncü dəfəydi ki, köçürdülər. Onlar kirayə mənzillərin heç birini bəyənə bilmirdilər. Birində su çəni çirkliydi, başqa birində təzə gəlin ruhların evdə dolaşdığını demişdi. Bir həftədən çox davam edən axtarışlar da nəticəsiz qalmışdı. Hansısa məhəllədə şəhərdə hamının tanıdığı Filankəs xanım, başqa yaşayış massivində Qumarbaz Monqol ləqəbli kişi, poliklinikanın yaxınlığındakı qəsəbədə isə həyətdə Ağdam xoruzları bəsləyən cavan oğlan yaşayırdı. Təbii ki, bütün bunlar kişinin eyninə gəlməsə də, təzə gəlin üçün pis əlamətlər idi. Nəhayət, təzə gəlin dodaqlarını narazı-narazı bir-birinə sıxıb şəhər kənarındakı bu kiçik qəsəbədə yaşamağa razılıq vermişdi. İndi onlar öz köçlərini- iki yol çantasını və ərzaq yığılmış kiçik karton qutunu qoltuqlarına vurub beşmərtəbəli binanın üçüncü mərtəbəsinə qalxırdılar. Burada onları lazımi ev əşyaları ilə dolu, tərtəmiz su çəni və böyük televizoru olan ikiotaqlı mənzil gözləyirdi.
İlk günlər təzə gəlin evdə narahatlıqlar axtarmağa çalışsa da, tezliklə bütün bunları unutdu. Onu unutqan edən isə kişinin məhz onun üçün kitabxanadan seçib gətirdiyi kitablar idi. Beləcə, onlar artıq üç ay idi ki, burda yaşayırdılar. Ev sahibəsinin qapısını bağlayıb açarını özüylə götürdüyü ikiqapılı şkafdan başqa bütünlükdə ev və əşyalar onların ixtiyarındaydı. Təzə gəlin özünü əsl ev xanımı kimi hiss etməkdə haqlıydı. Lakin, onu haqsız çıxaran hadisə çox gecikmədi.
Bir axşam kişi şəhərin onlara əks istiqamətində yerləşən qəsəbədəki uzaq qohumlarıgilə yas mərasiminə getdi. Axşam olunca avtobusa çata bilmədiyindən orda gecələməyə məcbur olmuşdu. Təzə gəlin şam yeməyini əlində Cek Londonun hekayələr kitabı olaraq təklikdə yeyirdi. Mətbəxlə yataq otağının qapısı üz-üzə idi. Hər iki qapının açıq olması səbəbiylə başını kitabdan qaldırınca yaşıl mələfə sərilmiş yatağı görə bilirdi. Növbəti dəfə başını yuxarı qaldıranda sanki yaşıl mələfəyə kölgə düşdüyünü gördü. Kitab əlindəcə yataq otağına yüyürdü. Otaqda kimsə yox idi. Nəfəsini dərib gülümsəyərək mətbəxə qayıtdı.
Bir səhər də əlində süpürgə və xəkəndaz hamamdan çıxıb qonaq otağına keçərkən ona elə gəldi ki, şkaf tərəfdən açar şaqqıltısına bənzər səs eşitdi. Əlindəkiləri yerə qoyub ikiəlli şkafın qapısını dartdı. Qapılar möhkəmcə bağlı idi.
Həmin gün bunları ərinə danışan təzə gəlin öz fərziyyəsini irəli sürməyə də tələsdi:
-Əzizim, bəlkə, ev sahibəsində də evin açarı var? Gizlincə evə gəlib-gedir?
-Əgər şübhən varsa, bundan sonra açarı içəri tərəfdən qapıya taxılı vəziyyətdə saxla- deyən kişinin məsələyə etinasız yanaşdığı səsindən hiss olunurdu.
Qadın ürəyində ərinin bu laqeydliyindən incidiyindən özlüyündə bir daha bu söhbətə qayıtmamağa qərar verdi. Növbəti günlər şkaf çevrilən kitab vərəqləri arxasında qaldı. Lakin, bu, elə də uzun müddət davam etmədi.
Hava yenicə qaranlıqlaşırdı, elə bil axşam gəlmək istəmirdi. Mətbəxin pəncərəsindən görünən məktəb binasının damı hələ də şüşə parçası kimi rəngdən-rəngə düşərək parıldayırdı. Təzə gəlin bu parıltıya heyran-heyran baxır, düşünürdü: “Görəsən, hansısa rəssam bu parıltını rənglərlə ifadə edə bilərimi?” Elə bu zaman qonaq otağından ehmallı addım səsləri gəlməyə başladı. Qadın bütün diqqətini toplayıb səsə qulaq kəsildi. Sanki, kimsə yavaş-yavaş hamamın qapısına yaxınlaşırdı. Qadın gözlərini bərk-bərk yumub özünü sakitləşdirməyə çalışdı. Fikrində bu cümləni təkrarladı:
-Mən evdə təkəm! Mən evdə təkəm!
Hamamdan gələn zəif su şırıltısı onu bu cümləni bir dəfə də ucadan deməyə məcbur etdi. Sanki qışqırırdı:
-Mən evdə təkəm!
Lakin, su səsi davamlı olaraq gəlirdi. Qadın qorxudan başını geri çevirib hamamın qapısına baxmağa belə ürək eləmədi. Stolun üstündə gözünə sataşan mobil telefonunu götürüb ərinə zəng vurdu. Ona həyəcanla yalnız bunu deyə bildi:
-Evdə kimsə var!
Həmin günün səhəri təzə evlilər bu evlə də sağollaşmalı oldular. Qadın yolboyu başını taksinin pəncərəsinə söykəyib lal-dinməz, gözləri bərəlmiş halda şkafı düşünürdü.
Dünən axşam ev sahibəsi gəlib şkafı açmışdı, orda iki qadın kürkü və bir dəst bahalı kişi kostyumundan başqa bir şey yox idi. Üstəlik ev sahibəsi açarı olmadığından yarım saatadək qapıda qalmışdı. Bayaq onlar taksiyə yüklərini yığarkən dördüncü mərtəbədəki qonşuya usta gəlmişdi. Sən demə, dünən günortadan qonşunun su kranı bağlanmırmış, ahəstəcə su axıdırmış. Və qadın yalnız indi –indi qorxularını anlamağa başlayırdı. O, çoxuşaqlı ailənin darısqal mənzilində dünyaya gəlmiş, evlənənə qədər də orda yaşamışdı. Əri işdən gələnədək evdəki sükutu dinləmək ona ağır gəlirdi. Beynində qurduğu “filan evdə ruh var”, “evdə kimsə gəzir”, “pəncərədən kimsə keçdi” kimi kiçicik və anlaşılmaz görüntülərin bir adı var idi: Təklik!

Şəfa Vəli (Gəncə)