ii

İncə barmaqları gitaranın simlərinə toxunduqca səslər yüksəlir, ətrafa yayılırdı. Amma bu rabitəsiz, ahəngsiz səslər musiqiyə heç bənzəmirdi. Bunu özü də bilir, anlayır, lakin yenə də inadkarcasına onun kimi ifa etməyə çalışırdı. Alınmırdı.
─Gözəlim, incə barmaqlarla simlərə belə kobud toxunmaq olmaz,–deyib gitaranı qızın əlindən aldı,barmaqlarını bir neçə simə toxundurub təbəssümlə sözünə davam etdi,–Musiqini duymaq, hiss etmək lazımdır. Gözlərini yum və hiss et!
Elə ilk toxunuşla simlər dilə gəldi sanki. Səsindəki fərqli ahəng gözəl ifası ilə birləşib axar sular tək incə ruhuna süzülməyə başladı.
Bu bəstəni çox sevirdi Aylin. Baxışlarını üzündən, sehrli barmaqlarından çəkmədən heyranlıqla gənci izləyirdi. Bəzən gözlərini yumur, musiqinin sədaları altında xəyallara qərq olurdu. Ulduzlu səma, gecənin səssizliyini pozan möhtəşəm ifa, arada bir gözlərini açıb ona gülümsəyən gəncin mehriban baxışları- hamısı indi ona məxsus idi.
─Bax, belə, Aylin. Xoşuna gəldi?–İfasını bitirən gənc gözlərini açıb gülümsədi.
─Hə. Sevirəm bu bəstəni. Amma heç vaxt ayrılıq olmasın, Nihat! –deyib gəncin çiyninə qoydu başını.
Gənc gitaranı kənara qoyub qızın çiyinlərini qucaqladı, saçlarını oxşadı:
─Dünyada əbədi heç nə yoxdur, canım. Hər şeyin başlanğıcı və sonu var.
Aylin dodaqlarını büzdü, gözləri süzüldü. Nə düşündüsə daha bərk gəncin köksünə sığındı. Onun qəlbinin döyüntüsünü hiss edirdi indi.
─Yox, ayrılıqdan, sondan danışma.
Nihat heç bir söz demədən gülümsədi. Sevgisinə sığınan qızı qolları arasında sıxıb qoxusunu içinə çəkdi. Araya çökmüş sükutu yenə də özü pozdu:
─Səni öpə bilərəm?
─Yox! –qız sərt cavab verdi.
─Saçlarını da oxşaya bilmərəm? –Nihat mənalı–mənalı gülümsəyib soruşdu.
Aylin başını yelləyərək gülümsəyib bu dəfə də:
─Yox! -dedi.
─Yaxşı, necə istəyirsən… –deyib Nihat susdu yenə.
Bir –birinə qısılan gənclər söz tapa bilmirdi danışmağa. Əslində bir –birinə deyiləcək bu qədər söz varkən, hər ikisi susurdu. Sükutun lal dilində danışırdı hər ikisi.
Gecənin də sükutunu arada bir səs salan ocağın çırtıltısı, əsən xəfif mehin səsi pozurdu. Səmadakı ulduzlar sanki bu gecə heç vaxt olmadığı qədər yaxın idi yerə. Əlini atsa tuta bilərdi bəlkə. Külək əsdikcə ağacların müdhiş kölgəsi hasarın divarlarına düşürdü.
Nihatla Aylinin tanışlığı yeni idi. Gənc musiqiçilərin də iştirak etdiyi festivalın mükafatlandırma mərasimində tanış olmuşdular. Hələ mükafatını təqdim etdiyi zaman Aylin onun ala gözlərinə, gözəl təbəssümünə heyran olmuşdu. Mükafatını alıb qıza təşəkkür edən Nihat isə qıza ötəri nəzər salaraq çox da diqqət etməmişdi. Evə qayıdarkən dayanacaqda da Nihatı görəndə Aylin özü ona yaxınlaşmış, ifasını bəyəndiyini söyləyib gecənin qalibi olduğuna görə təbrik etmişdi. Həmin gecədən başlanan tanışlıq davam edirdi.
İlk günlər Nihatın soyuq davranışından qız üzülmüş, hətta bir daha qarşılaşdıqları zaman ona salam belə verməyəcəyinə qəti qərar vermişdi. Hər zaman diqqət mərkəzində olmağına adət edən qızı gənc musiqiçinin soyuq və bir qədər də kobud rəftarı özündən çıxartmışdı. Gözləmədiyi bir anda isə bitmiş sandığı münasibətlər Nihatın bir zəngi ilə yenidən davam etmişdi. Bu dəfə isə fərqli idi hər şey. Aylinin gözlədiklərinin əksinə olaraq indi Nihat ona daha yaxın olmaq, onunla səmimi olmağa çalışırdı. Gün boyu başı işlərinə qarışan gənclər ilk fürsətdə əlaqə saxlayır,vaxt tapan kimi bir –birinin görüşünə can atırdılar. Soyuq davranışının səbəbini Nihat bir gün tərk ediləcəyindən ehtiyat etdiyi, bir daha ayrılıq acısı yaşamaq istəmədiyi ilə izah etmişdi. Onun ifasında Aylinin sevdiyi “Bu ayrılıq nədən oldu” mahnısının Nihat üçün çox kədərli xatirələri var idi. Bəlkə də bir gün Aylini də itirə biləcəyindən ehtiyat etdiyi üçün,ona rəğbətini gizlətməyən qızdan uzaq qalmağa, hətta qaçmağa çalışırdı. Hər ikisi dost qala bilməyəcəyini, bir –birinə get-gedə daha çox bağlandıqlarını hiss edirdilər.
Nihat buz kimi soyuq əllərindən qızın üşüdüyünü hiss edib soruşdu:
─Noldu? Üşüdün?
Yaraşıqlı sevgilisinin ovcundan əllərini çəkməyən qız gülümsəyərək daha çox köksünə qısıldı. Üşüdüyünü etiraf etmək istəmədi.
Nihat qızın saçlarını oxşayıb üzündən öpdü, təbəssümlə dedi:
─Bəs mən elə bilirdim, mənim yanımda heç bir qaranlıq, soyuq sənə təsir etmir.
Öz hisslərini etiraf etməyi sevməzdi Aylin. Ondan o qədər fərqlənməyən Nihat da qapalı və susqun idi; özündən, öz işlərindən danışmağı heç sevməzdi. Aylin səylə onu nə qədər tanımağa cəhd etsə də, Nihat daha çox sirli,müəmmalı qalmağa çalışırdı. Aylin onu öz qəlbinin, hisslərinin səsi ilə hiss edirdi. Nihat üçün isə Aylin açıq kitab kimi idi. Qızın səmimiyyətinə, dürüstlüyünə ilk gündən şübhəsiz yanaşmışdı. Şən və şıltaq qızın inadkarlığı onu bəzən bezdirsə də, darıxdığı anda nədənsə ilk onu xatırlayırdı. Sevməyə, sevilməyə tərəddüd edən gənc özü də hiss etmədən qızın cazibəsinin təsiri altına düşməkdə idi.
Küləyin xəfif mehi, ocağın alovundan kənara sıçrayan qığılcımlar yalnız gənclərin gözlərində əks olunmadı, tədricən onların cisminə, ruhuna yayılmaqda idi.
Ulduzlu səma altında gecənin səssizliyi, qızın üzünə toxunan isti nəfəsi Nihatın qəlbinin dərinliklərində gizlənmiş hissləri, istəyi aşkara çıxardı. Başını sinəsinə sıxdığı qızın saçlarını icazəsiz oxşamağa başladı. Rədd edilmədiyini hiss edincə daha da ürəkləndi. Barmaqlarının incə toxunuşu ilə Aylinin üzünü sığalladı. Aylinin daha da artan qəlb döyüntüləri, üzünü yandıran nəfəsi qəfildən onu qucaqlayıb öpmək istəyi yaratdı. Gözlənilmədən qızın üzünü əlləri arasına alıb dodaqlarını qızın dodaqlarına sıxdı.
Nihatın gözlənilməz rəftarı Aylini diksindirdi. Nihatın qolları arasından sıçrayıb çıxdı. Özünün ciddi, ağır təbiəti ilə seçilən gəncin çılğınlığı qızı çaşdırmışdı.
Nihat bir qədər əvvəl qolları arasında əzizlədiyi qızın sıçrayışının səbəbini əvvəlcə rədd edilmək kimi anlasa da, qızın ürkək baxışlarından, aram –aram qalxıb enən sinəsindən onun hürkdüyünü,ona biganə olmamasına baxmayaraq bəlkə də bu münasibətlərə hazır olmadığını düşündü.
─Bağışla, icazəsiz səni öpməməliydim. Bilmirəm mənə noldu…qəfil içimdən… bağışla, günahkaram.
Nihat daha həssas və anlayışlı olmağa çalışdı. Qızın növbəti reaksiyasından ehtiyat edərək sakitcə əlini Aylinin soyuq əlinə toxundurdu.
─Sənə ziyan vermək, pislik etmək kimi niyyətim yoxdur.
Aylin susurdu. Hər dəfə Nihatın köksünə sığınıb, içəri batan yanaqlarından, qara gözlərindən, uzun saçlarından öpülməsinə etiraz etməyən Aylin çox həyəcanlı idi. Xəyalında dəfələrlə Nihatın onu öpməsini arzulasa da, dodaqlarının bəkarətini pozaraq ondan busə oğurlayan gəncin hisslərinə hakim ola bilməməsi üçün həm onu, həm özünü qınadı. Nə istəyirdi? Nə düşünürdü? Hər zaman Nihatla bərabər olmaq istəyən, onun yanında olmasını, onu əzizləməsini istəyən, köksünə sığınan Aylin özü deyildimi? Şəhər kənarında keçirilən konsertə dəvət edildiyi zaman tələsik razılıq verən də özü idi.
Nihat Aylinə yaxınlaşdı. Qızın çiyinlərini, belini qucaqladı, başını sinəsinə sıxdı. Rədd edilmədiyi onu sevindirdi. Qızın hərarətli nəfəsi üzünü, boynunu yandırdıqca daha çox onu arzulayırdı. Ərköyün və şıltaq bir qızı qolları arasından buraxdığına üzülmüşdümü yoxsa? Həmin an Nihata elə gəldi ki, bu dəlisov qızı bir daha qolları arasından buraxarsa, bir daha heç vaxt ona sarıla, onu qucaqlaya bilməyəcək. Qızın belini qucaqlayıb özünə sıxdı. Gözlərinin içinə baxarkən də onun hisslərini, özünə qarşı marağının nə dərəcədə olduğunu anlamağa çalışırdı. Uzun zaman idi ki, Nihat heç kəsə indi Aylinə sarılmaq istədiyi qədər çılğın hisslər yaşamamışdı.
Aylin sevdiyi gəncin yanaqlarına, boynuna toxunan dodaqlarının hərarətini duyduqca daha əvvəlki kimi ona müqavimət göstərə bilmirdi. İlk dəfə bu hissləri yaşayan qız əslində nə etməli olduğunu, bir qızın qarşılıq verib, yoxsa ki rədd etməli olduğunu bilmirdi. Öpüşlərinə qarşılıq vermədən qarşısındakı gəncin onu həqiqətən sevdiyi, yaxud ona şəhvət hissi ilə yanaşdığını anlamırdı.
Qarşılıq görməyən Nihat dayandı. Qızın əllərini buraxdı. Geri çəkildi.
─Bağışla…Səni heç nəyə məcbur etmək istəmirəm…
Həmin an Aylin onu nə qədər sevdiyini, ona biganə olmadığını bir daha anladı. Qəlbindən keçən sevdiyi insanı itirmək qorxusu, köksünə sığınmaq istəyi ilə qızı gəncin əlindən tutmağa vadar etdi.
Gözləri ilə gülümsəyən Nihat yenidən Aylinin belini qucaqladı. Saçlarını, boynunu öpərək, yanaqlarını sığalladı. Qəfildən onu qolları üstünə alıb evə doğru addımladı. Körpə uşaqları fırladığı kimi qızı qucağında ev boyu fırlayır, Aylinin “Başım dönür. Nihat, məni yerə qoy!” sözlərinə belə əhəmiyyət vermirdi.
Nihatın soyuq və cansıxıcı evi indi Aylinin şən səsi, gülüşləri ilə dolmuşdu. Aylinin varlığı ilə sanki Nihatın həyatına da rəng qatılmışdı. Özünü xoşbəxt hiss edirdi bu gün. Ehtirasın içində gizlənən dərin sevgisindən, qıza məftunluğundan özü də xəbərsiz idi bəlkə.
Nihat Aylini qolları üstündə bütün evi dolandırdıqdan sonra yataq otağında çarpayının üstünə qoydu. Aylinin dağınıq qara saçlarını barmaqları ilə darayıb üzünü oxşadı. Qızın dodaqlarından busə almaqdan doymurdu.Öpüşlərinə qarşılıq görən Nihatı indi heç nə saxlaya bilməzdi. Aylinin çəkingənliyi, utancaqlığı fərqində deyildi. Qızın həyəcandan titrəyən bədənini dodaqlarının toxunuşu ilə əzizləyərək iki can bir bədəndə olmağa, günlərlə qurduğu xəyallarını gerçəkləşdirməyə tələsirdi.
Aylin bəzən onun əlindən sıçrayıb qaçmaq istəsə də, Nihat onu qolları arasından heç yerə buraxmayacağını özünə söz vermişdi. Aylinin xəcalətdən alışıb yanan üzünün allandığını da görə bilməmişdi. Bütün varlığı ilə Aylinə sahib olmağı arzulayırdı. Təcrübəli və qadın psixologiyasına yaxşı bələd olan Nihat Aylinin dilindəki “Yox” ifadəsi ilə əslində onu nə qədər arzuladığını hiss edirdi. Suya təşnə insanlar kimi Nihat da qızın dodaqlarına təşnə idi. Saçlarını oxşayan qız isə ehtirasdan başını itirən, özünə hakim ola bilməyən gəncə müqavimət göstərmək iqtidarında deyildi bu an.
Alınmayan qalanın ilk fatehi olacağını anlayan Nihat yalnız indi qızın qəlbinin necə həyəcanla döyündüyünün fərqinə vardı. Qarşısındakı qızın titrəyən əllərini, hərarətdən və utancdan alışıb yanan üzünə nəzər saldı. Nihatın ehtiras alovu üstünə su tökülmüş ocaq kimi söndü bir anda. Qızın əlini tutub öpdü. Deməyə sözü yox idi. Vicdan əzabı çəkdiyi, peşman olduğu, yaxud qızın qarşısında xəcalət çəkdiyini ayırd etmək mümkün deyildi.
─Aylin…
Aylin gəncin saçlarını oxşayıb, üzünü sığalladı. Başını sinəsinə sıxdığı yaraşıqlı sevgilisini qucaqladı.
─Səni sevirəm, Nihat. Hər zaman yanımda olmağını istəyirəm.
─Yox. Mən bunu bacarmayacam. –deyib Nihat qızın əlini geri itələdi.
Aylin son anda rədd edildiyi üçün sanki pərt olmuşdu. Sevildiyi qədər sevilmək arzusu rədd edilmişdimi yoxsa? Əslində günah etdiyini və bəlkə də səhəri buna peşman olacağını bilsə də, sevdiyi insana bütünlüklə sahib olmaq, özü də ona məxsus olmaq istəyirdi.
Aylin yanaqlarını, saçlarını tumarlayan gəncin əlini tutdu:
─Yanımda ol. Heç vaxt əlimi buraxma, Nihat!
Nihat sevgisinə bu günədək kifayət qədər dəyər vermədiyi qızın üzünə baxaraq, ona qarşı davranışını, soyuq münasibətini düşündü. Qızın baş gicəlləndirən cazibəsi qarşısında, o, dayanmaq iqtidarında deyildi. Alınmaz qalanın ilk fatehi kimi hiss edirdi özünü bu an Nihat. Özünü xoşbəxt hiss edən gənc qız isə əlini buraxmayacağını vəd edən insanı bütün varlığı ilə sevməyə davam edirdi.

Aylin gözünü açdığı zaman başı üzərində dayanan Nihatın əyilib dodaqlarından öpdüyünü hiss etdi:
─Sabahın xeyir, yatmış gözəlim! Həyatıma, evimə xoş gəldin!
Aylin gülümsədi. Gecənin nə zaman bitdiyini, səhərin nə zaman açıldığını hiss etməmişdi.
Nihat qızın üzündən, dodaqlarından ehtirasla öpüb ayağa qalxdı:
─İndi öz əllərimlə gözəlimə elə gözəl bir səhər yeməyi hazırlayacam ki, ömründə belə ləzzətli heç nə yeməmişən.
Nihat az sonra geri qayıtdı. Əlindəki podnosu yaxınlıqdakı masanın üzərinə qoyaraq qıza, əynindəki geyimə nəzər salıb güldü:
─Elə ilk gündən qarderobuma sahib çıxmısan…
Aylin Nihatın gözlərinə, daha sonra əynindəki köynəyə nəzər salıb gülümsədi:
─Hə…Sənin köynəyində özümü daha rahat hiss edirəm.
Nihat bağçadan qırdığı qızılgülü qızın dodaqlarına, burnuna toxundurdu:
─Mən də… sən yanımda olanda özümü rahat hiss edirəm.
Aylin çarpayının yanındakı gitaranı əlinə aldı. Sinəsinə sıxdı. Simlərə toxunaraq:
─Nihat, mənə də çalmağı öyrət! –dedi.
Dünənə qədər gitarasına kimlərinsə toxunmasını qısqanan Nihat bu gün əksinə Aylinin barmaqlarını simlərə qısqandı. Qəlbindən qəribə bir qısqanclıq və mülkiyyətçilik hissi yüksəldi. Aylini hər kəsə, hər şeyə qısqanmağa başlamışdı.
Gitaranı alıb bir kənara qoydu:
─Nə yaxşı ki varsan həyatımda!
Bu sözləri eşitməyi arzulayan Aylin çox məmnun görünürdü. Nihat ömründə ilk dəfə kimisə öz əlləri ilə yedirirdi. Aylin dəcəl və şıltaq qıza bənzəyirdi yanında. Heç vaxt onu incitmək istəmədiyini, bu gündən sonra isə hər kəsdən qorumalı olduğunu düşünürdü.
Aylin qəfil xatırlayaraq dolabçanın üstündəki telefonu əlinə aldı:
─Nihat! Saat neçədir? Axı bu gün tədbirimiz var. Gecikə bilmərəm!
─Getmə! –Nihatın gözlərində qısqanclıq ifadəsi göründü.
─Niyə, canım? –Aylin gülümsəyərək soruşdu.
─İstəmirəm!
─Niyə?-Aylin mülayim səslə soruşdu.
─Sus və sual vermə! İstəmirəm, vəssalam! –Nihat sərt dedi.
─Bu da təzə çıxdı?-Aylin təəccüb içərisində ona hökm edən gəncə nəzər saldı.
─Hə, bundan sonra tədbir filan olmayacaq! Ərizəni yaz və işdən uzaqlaş bu gün. Səni heç kəslə bölüşmək istəmirəm!
Aylin Nihatın saçlarını qarışdırdı:
─Dəlisən sən! Getməliyəm, Nihat. Özün bilirsən ki, son məqamda aparıcı dəyişikliyi mümkün deyil.
Nihat onu razı salmaq üçün üzündən, gözündən öpən qızın əlini tutub öpdü:
─Yaxşı. Yalnız bu gün. Sonuncu dəfə. Gələn dəfə olmayacaq!
Aylin gülümsəyib razılaşdı:
─Yaxşı, canım.

Nihat avtomobildən enmək istəyən Aylinin əlini tutdu:
─Səni heç kimlə bölüşmək istəmirəm. Bütünlüklə mənə məxsus ol: Özün də! Səsin də! Ruhun, cismin də!
─Səninəm də! –deyərək Aylin dodaqlarını Nihatın dodaqlarına sıxdı.
─Aylin! –Nihat avtomobilin içindən qızı səslədi.
Aylin geri qayıtdı:
─Ay can! Fikrini dəyişdin? Gedirsən bizlə?
Nihat başını yellədi:
─Yox! Daha vacib işlərim var bu gün.
─Nə? –Aylin maraqla soruşdu.
Nihat mənalı –mənalı gülümsəyib qıza göz vurdu:
─Məndə qalsın. Axşam bilərsən.
─Yaxşı, canım. Necə istəyirsən. –deyib Aylin avtomobildən enərkən geri çevrildi. –Darıx mənimçün! Yalnız məni düşün! Başqa heç kəsi və heç nəyi düşünmə!
Nihat həmişəki kimi susub gülümsədi. Aylin susmaq istəmirdi:
─Söz? Sənə mesaj yazacam. Telefonun məşğul olmasın ha!
Nihat gülümsəyərək gözlərini açıb yumdu. Aylinin arxasıyca boylanaraq günün sonuna olan planlarını xəyal etdi. Bu günə çox işi vardı. Günün sonuna qədər hər şeyi hazırlayıb çatdırmalı idi.

Nihat qonaq otağını, masanın üstünü gül –çiçəklərlə, şamlarla bəzəmiş, yataq otağına qızılgül ləçəkləri səpmişdi. Hədiyyə aldığı gözəl libas və tez –tez baxıb qutusuna qoyduğu nişan üzüyü ilə bu gün ona öz sevgisini bildirmək, evlənmə təklifi etmək istəyirdi. Aylinə qədər yaşadığı hər şeyi unutmaq, Aylinlə yeni həyata başlamaq istəyirdi. Qapalı və susqun bir insanı qısa müddətdə dəyişməyi bacaran qız həyatına böyük bir sevinc gətirdiyinin fərqində deyildi özü də.
Aylinin gəlişinə hər şey hazır idi. Sadəcə onu gözləmək qalırdı. Xoş sürpriz qızı çox sevindirəcəkdi. Nihat telefonu əlinə alıb saatına baxdı. Aylini düşündü. Səhərdən bəri xatırlamadığına, mesaj yazacağına söz verib unutduğu üçün qızı özlüyündə qınadı. Amma bu günün onun və Aylin üçün fərqli və özəl gün olduğunu düşünüb özü qıza mesaj yazmağa qərar verdi. Çox düşünmədən yazdığı mesajı göndərdi. Qəribədir, telefonunda dalğa tutmurdu nədənsə. Eyvana, daha sonra isə həyətə çıxdı. Yenə də dalğa yox idi. Dilxor oldu. Bir neçə dəfə telefonu yandırıb söndürsə də, xeyri yox idi. Yeni aldığı telefonu ustaya göstərməyi sabaha qədər təxirə saldı. Aylinin evə dönəcəyi bir zamanda ustaya getməyin mənası yox idi. Özlüyündə Aylinin dəfələrlə ona zəng etdiyini, qəsdən telefonu söndürdüyünü təxmin edəcəyini və necə əsəbləşəcəyini düşündükcə dilxorçuluğu daha da artırdı. Aylinin dalıyca getməyə, yaxud evdə gözləməyə qərar verə bilmədi. Son anda evdə gözləməyə qərar verib televizorun xodunu artırdı. Xəbərlər idi.
─Mərdəkan –Şüvəlan yolunda dəhşətli avtomobil qəzası baş vermişdir. Ölən və yaralanlar var. Xəstəxanaya qaldırılan tanınmış aparıcı Aylin Ağayevanın həyatını isə xilas etmək mümkün olmamışdır.
Nihat geri çevrildi. Qulaqlarına inana bilmədi. Bütün günü Aylini düşündüyündən səhvən adını eşitmişdimi yoxsa? Ekranda görünən şəkil isə Nihatın bütün arzularına, xəyallarına bir an içində son qoydu.
─Aylin! –deyə bağıraraq masanı devirdi. Ətrafdakı hər şeyi devirir,qab –qaşıqları yerə çırpıb sındırırdı.
Yerə çöküb dizlərini qucaqladı. Məhv olmuş arzularına, xəyallarına ağlamaqdan başqa əlindən gələn heç nə yox idi.
Bütün günü susan telefonu cingildədi. Tez özünü telefonun üstünə atdı. Əlinə alıb tələsik ekranı açdı. Itmiş dalğa bərpa olunmuş, Aylin gecikmiş saysız -hesabsız mesajları ünvanına yetişmişdi.
─Niyə sənə zəng çatmır?
─Niyə söndürmüsən telefonu?
─Hava qaralmadan evdə olacam…
─Canım….
─Nihat, SƏNİ ÇOX SEVİRƏM!
Nihat son mesajı dönə -dönə oxuyur, Aylindən doymadığı kimi mesajlardan da gözünü çəkə bilmirdi.
Saatlar keçirdi. Hava da qaralmışdı. Qaranlıqdan qorxan Aylin isə gəlib çıxmamışdı. Nihat onu qapı ağzında qarşılamağı düşünərək həyətə çıxdı. Bir gün əvvəl oturduqları ağacın altında yerə çöküb qızı gözləməyə başladı. Darıxırdı. Qeyri –ixtiyari əlini gitarasına uzatdı. Barmaqlarını simlərə toxundurub Aylinin sevdiyi bəstəni ifa etməyə başladı.
─Bu ayrılıq nədən oldu…
İki damla yaş Nihatın dolmuş gözlərindən yanaqlarına süzüldü. Aylin daha gəlməyəcəkdi. Çünki gec idi. Aylin qaranlıqdan qorxurdu.