May ayının 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin Beynəlxalq Komitəsi və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq dərgisinin təsisçisi və baş redaktoru olmuş, Türkologiyaya aid 7 cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif Universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri üzvü, eləcə də İstanbul Universitetinin “altın doktoru” adını almış professor, doktor Cavad Heyətin 90 illiyi ərəfəsində anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Doktor Cavad Heyətin həyatına həsr olunmuş sənədli filmə baxdılar.
Tədbirə giriş Bilik Fondunun icraçı direktoru Oktay Səmədov anım tədbirini açıq elan edərək Cavad Heyətin səhiyyədəki, ədəbiyyatdakı rolundan danışmasıyla başlandı. Bu şəxsiyyətin ümumilikdə Azərbaycan üçün gördüyü işlərdən söhbət açan icraçı direktor onun irsinin qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayaraq, sözü Cavad Heyəti daha yaxından tanıyan onun tələbələri, ailə dostları və onun yolunun davamçılarına verdi.
Akademik Tofiq Hacıyev Cavad Heyətlə bağlı xatirələrini bölüşüb. Doktor Cavad Heyətin nəşr etdirdiyi “Varlıq” dərgisindən, dərginin İran türklərinin milli şüurunun oyanmasında oynadığı roldan danışdı.
Daha sonra, Doktor Cavad Heyətin xatirələrini Azərbaycan türkcəsinə çevirən AMEA-nın Əlyazmalar İnstitutunun elmi işçisi Əkrəm Bağırov deyib ki, onun xatirələrini tərcümə etdikcə alimi daha çox tanıyıb, yaxından ünsiyyətdə olub, doğmalaşıb. Sanki, həmin xatirələr onun gözünün önündə baş verib. Sadəcə, təəssüf hissi keçirdibki, kaşki, sağlığında onunla görüşmüş olaydı.
Doktorun ailə dostu Zülfi Baxışəli Cavad Heyətin şəxsi məziyyətlərindən söhbət açıb. Onun Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri üzvü, eləcə də İstanbul Universitetinin fəxri doktoru olduğunu xatırladıb.
Tədbirdə həmçinin Bakı Slavyan Universitetinin dekan müavini Manaf Kərimov, tələbə, dinləyicilərdən Ülkər Piriyeva, Günay Həsənli, Şəfa Piriyeva, Taleh, Vəli Efe, Əfsanə xanım və digərləri iştirak edirdilər.
Həmçinin AMEA-nın üzvləri olan gənc türkoloqlar və eləcə də, Cavad Heyəti sağlığında daha yaxından tanıyan və onun tələbələri olmuş gənc alimlər çıxış edərək, xoş xatirələrinin tədbir iştirakçılarıyla bölüşdülər. Tədbirin sonunda Doktor Cavad Heyətin müxtəlif vaxtlarda çəkilmiş ən maraqlı fotoları slayd şəklində nümayiş etdirildi. Bilik Fondunun icraçı direktoru sonda Kamal Abdulla dından gələn iştirakçılara təşəkkürünü bildirərərək tədbiri sona yetirdi.
Ülkər PİRİYEVA,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı