Keçmiş xatirələr düşər yadına
Bir masa önündə oturanda sən
Fikirdən alışan sönməz ocağın
Görünən tərəfi saçındakı dən
Kaş gerçək ola hər cümlə, sətir
Arzular ürəkdə yetirə barın
Kədəri apara min yol uzağa
Qazıya kökünü iztirabların
Şerdə görüşmək sanki röyadı
Gecələr yuxuma gəldiyin kimi
Yuxuda əl ələ, nəfəs nəfəsə
Aşkara nə deyim… Bildiyin kimi
Götürmə əlinə qəm yaylığını
Qurumaz onunla gözündəki nəm
Xəzələ tökülən yarpaqlar kimi
Süzülər vərəqə ürəkdəki qəm
Gəzərəm səbirlə durmadan bir an
İstəyimin izi ilə azaram
Bilsəm ki, şerlər dönər gerçəyə
Sevincdən doğulan sözlər yazaram
Şair xəyalımız özgə bir aləm
İşimiz olmayıb sehirlə, fəndlə
Şairdə ilhamdı, gəldisə bir az
Dünyalar yaradar bir neçə bəndlə