Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Öpür saçlarını əsən küləklər,
Səni küləklərə qısqanıram mən.
Sıxırsan köksünə bənövşələri,
Səni çiçəklərə qısqanıram mən.
Öldür qaşla, gözlə ay ceyran məni,
Qoyma bu dünyada peşiman məni,
Qoyma ki, öldürsün bu hicran məni,
Səni mələklərə qısqanıram mən.
Kaş ki, yar yarına həsrət qalmasın,
Dərddən, ayrılıqdan gözlər dolmasın,
Hər isti ürəkdə yerin olmasın,
Səni ürəklərə qısqanıram mən.
Sənin həsrətindən ürəyim yanır,
Ruhum gecə-gündüz hey səni anır,
Qəlbimdə min arzu, istək oyanır,
Səni diləklərə qısqanıram mən.
Gözəl yaradıbdı səni yaradan,
Gözəl doğulmusan vallah anadan,
Əlimi üzmürəm heç zaman haqdan,
Səni fələklərə qısqanıram mən.