Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Vaxtında gəlmədim mən bu dünyaya,
Nə deyim qismətə, nə deyim paya,
Öyrəşə bilmədim mən qışa, yaya,
Vallah bu zəmanə mənimki, deyil.
Qana yerikləyir pulu çox olan,
Allaha üz tutur gözləri dolan,
İndi ayaq açıb yeriyir yalan,
Vallah bu zəmanə mənimki, deyil.
Yurdumdan,yuvamdan çıxıbdı əlim,
Qaçqına, köçkünə dönübdü elim,
Özgələr yanında gödəkdi dilim,
Vallah bu zəmanə mənimki, deyil.
Bu necə dövrandı, bu necə zaman,
Haramla doludu indi pətək, şan,
Tanrıdan əlini üzübdü insan,
Vallah bu zəmanı mənimki, deyil.
Mərdlər möhtac qalıb, namərdə indi,
Yolumuz, izimiz dumandı, çəndi,
Yaşamaq çətindi, dözmək çətindi,
Vallah bu zəmanə mənimki deyil.