Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Gecələr bəyaz olsun,
Həzinləşsin duyğular,
Nəğmələr qanad açsın,
Şirinləşsin nağıllar,
Ürək yansın, alışsıın,
Gülüm, çam içığında.
Həsrət, hicran ərisin,
Həyat nəşəli olsun,
Gözlər sevgi paylasın,
Baxışlar nurla dolsun,
Ömrümün mənasını ,
Bilim, şam işığında.
Dara qara saçını,
Tökülsün sinən üstə.
Qoy yox olsun qəm, kədər,
Sən məndən nəğmə istə,
Gözlərimin yaşını,
Silim, şam işığında.
Məni əsir eyləsin,
O baxışın, o gözün,
Nazlan bir mələk kimi,
Can olsun hər bir sözün,
Əllərinə toxunsun,
Əlim, şam işığında.
Ətrindən bihuş olum,
Unudum bu dünyanı,
Sən məni xoşbəxt eylə,
Al əlimdən bu canı,
Gözəl, dizinin üstə,
Ölüm, şam işığında.