Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olub.İxtisasca Tarixçidir.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları “Azərbaycan”, “Ulduz” jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Azərbaycan Respublikasının Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır.Bu günə qədər altı şeir kitabı işıq üzü görüb
Bilmişəm
Dünya, zavalını bulub gedirəm,
Nəyi bilmişəmsə, boşa bilmişəm.
Helmindən ikimi alıb gedirəm,
Çox da ki, elmini beşə bilmişəm.
*
Elə keçmişəm ki, bu yol, bu səki,
Məndən inciməsin , küsməsin təki.
Düşüb də sehrinə, kölgəsindəki
Beş – altı ağacı meşə bilmişəm.
*
Ən gözəl sözü də öpüləndə yox,
Şabaş tək başlara səpiləndə yox,
Zornan gözlərimə təpiləndə yox,
Yatanda sinəyə, döşə , bilmişəm.
*
Keçib vaxtdan keçən, vədədən keçən
Anadan doğulan, dədədən keçən.
Ağıldan keçən yox, mədədən keçən
Ən kəsə yol imiş başa, bilmişəm .
*
Bu tordan, tələdən, qarmaqdan belə,
Dərs aldım saralan yarpaqdan belə.
Nədən yapışmışam torpaqdan belə,
Nədən sığınmışam daşa, bilmişəm…
15 dekabr 2012
Gedək özümüzə bir gün ağlayaq
Bu qədər yaşadıq , həvəsdi, bəsdi,
Burdaca bağlansın bu kitab, gedək.
Zamanmı gecikdi, bizmi tələsdik,
Nə fərqi, çəkilsin haqq- hesab, gedək.
*
Daha nə işimiz bir başqasınnan
Mənim gördüyümü sən görmədinmi?
Öyrənib bir qara qarışqasınnan,
Necə ürətilir dən görmədinmi?
*
Gedək özümüzlə qalaq baş- başa,
Qurtarsın, bitsin bu sürgün, ağlayaq.
Burda yiyə durmur qardaş-qardaşa,
Gedək özümüzə bir gün ağlayaq.
*
Hər günü əhləddi başa toxunan,
Şərin gur yeridi, şölən yeridi.
Bura arzuların daşa toxunan,
Bura ümidlərin ölən yeridi.
*
Namərd körpüsüdü hər addım başı,
Qoy alıb aparsın sel bizi, gedək.
Sındırdım ürəyi, ucaltdım başı,
Dedim, qınamasın el bizi, gedək.
*
Hələ ki, cavandı işğalın yaşı,
Hələ göyərməyib sinədə dağlar.
Tutub yaxamızdan bir gün, qardaşım,
Şuşanı bizlərdən soruşacaqlar…
*
Gəl də bu çarəsiz gecədən çıxıb,
Gəl də bu ümidsiz sabahdan gedək.
Deyirsən, nə çıxır, gecədən çıxır,
Nə olar, lap elə sabahdan gedək.
*
Gedək özümüzlə qalaq baş-başa,
Qurtarsın, bitsin bu sürgün, ağlayaq.
Nə sülhə meydan var, nə də savaşa,
Gedək özümüzə bir gün ağlayaq…
16-18 dekabr 2012
Adamı
Necə qələm çəkib , gör qələm çəkən,
Adam heyran edib, heyran, adamı.
Elə ustasından, yaradanından,
Baxıb öyrənsinlər deynən adamı.
*
Gör necə sığala, darağa çəkib,
Nur da öz nurudu yanağa çəkib.
Halalnan, haramnan sınağa çəkib,
Yoxlayıb şərbətnən, meynən adamı.
*
Boşu boş, dolunu dolu yaradan,
Ədəbi, ərkanı, yolu yaradan.
Deyirəm bəlkə də, Ulu Yaradan,
Özünə bənzədib eynən adamı ?…
*
Yoğrul torpaq ilə, bərki daş ilə,
Oxşan da, sevil də gözlə-qaş ilə.
Belə ayırmazlar əyin-baş ilə,
Seçməzlər maşınnan, öynən adamı.
*
Bu kimdi təriflər yağır başına,
Alın tərifləri çaxın başına.
Belə qaldırmazlar dağın başına,
Belə gəzdirməzlər göynən adamı…
*
Nəyini ötürdün, tutdun nəsindən,
Bu dünya çoxdumu son nəfəsindən?
Bu boyda adamlıq mərtəbəsindən,
Gör nəynən salırlar, nəynən adamı?…
19-20 dekabr 2012
İçimə
Mənə dos-doğmadı bu kədər, bu qəm,
Qənim kəsilmişəm müdam içimə.
Elə divan tutub, zülm eyləmişəm,
Elə bil ögeyəm, yadam içimə.
*
Bu dünya boşalıb gedəndən bəri,
Gözümü yaş alıb gedəndən bəri,
Alanı baş alıb gedəndən bəri,
Bir batman yük olub qadam içimə.
*
Soyuqdu, bumbuzdu varlığı, neynim,
Asılıb yaxamdan yarlığı, neynim,
Bitib, tükənmədi darlığı, neynim,
Neynim, bənzəmədi bu dam içimə.
*
Hələ Qarabağım, gözüm, qaradı,
Qaradı, bu çarə, çözüm qaradı.
Hələ ki, yanında üzüm qaradı,
Nə üzlə çıxıram adam içinə?…
25 dekabr 2012
Gələndi
Kimdi ki, nədi ki, adam deyilən,
Vardan çıxıb gedən, yoxdan gələndi.
Nəyin seviləndi, nəyin öyülən,
Nəyin var taledən, baxtdan gələndi.
*
Saçında bu qırov, dən qazandığın,
Üstümdə bu duman , çən qazandığın.
Günahlar, savablar sən qazandığın,
Hökmlər zamandan, vaxtdan gələndi.
*
Al da qadasını elə bu dərdin,
Qoyma səsi çıxa çölə bu dərdin.
Çiçəyi burnunda hələ bu dərdin,
Bu qozbel, qartımış çoxdan gələndi.
*
Bu köhnə atandan, anandan gələn,
Bu təzə dos-doğma balandan gələn.
Üzün qırmızısı yalandan gələn,
Sözün qırmızısı haqdan gələndi.
*
Daha ölç, daha biç dilindən çıxar,
Çıxsa sənin deyil dilindən çıxan.
Yaydan çıxıb gedir əlindən çıxan,
Qarşına gələnlər oxdan gələndi…
05 yanvar 2013
İlkimiz bir, sonumuz bir…
İlkimiz bir, sonumuz bir,
Nə fərqi nə gözləndisə…
Beş arşınlıq donumuz bir,
Kəfənimiz bezdəndisə.
*
Bu tərəfi dar macaldan,
O tərəfi dar məzardan.
Behişti güllü-gülzardan,
Cəhənnəmi közdəndisə.
*
Ömür deyən ağ şamdısa,
Əriyəcək dağ, şamdısa.
Axşamımız axşamdısa,
Tezdənimiz tezdəndisə.
*
Nə suyumuz, nə havamız,
Nə dərdimiz, nə davamız?
El-obamız, yurd-yuvamız,
Çölləndisə, düzləndisə…
*
Bu top, topxana deyilən,
Gopmuş, gopxana deyilən.
Ha yap, yapxana deyilən
Bir quruca sözdəndisə.
*
Keçmə, bu çay dizdən deyil,
Çox dərindi, üzdən deyil.
Zülm eyləyən bizdən deyil,
Zülm eyləməz bizdəndisə…
05 yanvar 2013