Bakı şəhərində doğulmuş, ADNSU-nun məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş Cavid Mikayıl oğlu Həsənovun ölməz xatirəsinə ithaf edirəm.
Qarabağ savaşında şanlı zəfər çalmışıq,
Göydən düşən pay deyil, yüz yol istə, qələbə.
Müqəddəs torpaqları yağılardan almışıq,
Asan başa gəlməyib düşmən üstə, qələbə.
Şirin canından keçdi, saysız qəhrəman igid,
Vətənə qurban olmaq, bu da bir səadətdi.
Küləklər şəhərində açmışdı gözün Cavid,
Hələ balacalıqdan şirin dil, xoş ülfətdi.
Qarabağ döyüşçüsü Mikayılın oğluydu,
Halal, dürüst ailənin balası, övladıydı.
Doğma elə-obaya, yurda qəlbən bağlıydı,
Adı da ölməzlərin, ucaların adıydı.
Anası Mirvarinin təkcə oğlu deyildi,
Yamanı kim xoşlayar, xeirxahı sevərlər.
Gözlərinin işığı, bəli, hər şeyi idi,
Məktəbə getdi Cavid, gətirdi şad xəbərlər.
“Əla”larla qurtardı təmayüllü məktəbi,
Neftçi-mühəndis olmaq, məqsədi, niyyətiydi.
Fizika, riyaziyyat həm həvəsi, həm təbi.
ADNSU-da təhsil almaq onun qətiyyətiydi.
Şanlı ali məktəbə qəbul oldu, sevindi…
Oxudu, imtahanlar verdi yüksək qiymətlə,
Anasına deyirmiş, “Ora da öz evimdi”,
Vaxt gəldi, bu ünvanla vidalaşdı hörmətlə.
Hərbi xidmətə getdi, afərin, əsgər oldu,
Bakıtək doğmalaşdı ona Gəncə şəhəri.
Əsgər yoldaşlarının dilində əzbər oldu,
Başa vurub xidmətin döndü Bakıya geri.
Qazma mühəndisitək göstərdi fəaliyyət,
Hamı sevirdi onu, halal idi, düz idi.
İşə can yandıranlar qazanır nailiyyət.
Zəkalı, biliklərə sahib mühəndis idi.
Vətən torpaqlarının xilasının məqamı,
Cavid də sevinc ilə ordumuza yazıldı.
Vaxtdır dayanmaq olmaz, alağın intiqamı…
Həmin o payız günü sanki bahar-yaz oldu.
Sevimli anasının üz-gözündən öpərək:
-Məndən nigaran olma, nurlu səhər bizimdir.
Düşməndən Qarabağı azad eyləyək gərək,
Zülmət xain düşmənin, şanlı zəfər bizimdir.
Cavid hərb meydanında qorxu nədi bilmədi,
Vuruşdu qəhrəmantək, düşmənə uddurdu qan.
Gündüz-gecə bilmədi, yuxu nədi bilmədi,
Xocavənd döyüşündə Vətənçin keçdi candan.
Həmişə qəlblərdədir unudulmaz heç zaman,
Müqəddəs ucalıqda canlı, yaşayır Cavid.
Üzündən, çöhrəsindən gülüş yağan qəhrəman,
Bu gündən gələcəyə müjdə daşıyır Cavid.
09.11.2023.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri