Məcidli İsmayıl Qəzənfər oğlu 1949-cu il okyabr ayının 6-da Xaçmaz rayonunun Seyidlilər kəndində müəllim ailəsində anadan olub.1969-cu ildə 3 saylı Bakı Tibb məktəbini, 1979-cu ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib.

Ədəbiyyata, nəsrə erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində sənədli hekayələri ilə çıxış edir.”Azad Qələm” ədəbi-bədii, ictimai-publisistik qəzeti ilə əməkdaşlıq əlaqələri saxlayır.

Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisidir.Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosentdir.

 

 

ALLAHIM, ÖLMƏK BELƏMİ OLUR?

(sənədli hekayə)

 

Torpaqlarımızın bütövlüyü uğrunda şirin canlarından keçən Vətən övladlarının ölməz xatirəsinə ithaf edirəm.

 

1992-ci il idi. Azərbaycanın Qərb sərhədlərində ağır döyüşlər gedirdi. Respublikamızın dilbər guşəsi olan Qarabağ artıq ermənilərin əlində idi. Ermənilər Dağlıq Qarabağda özlərini rahat və təhlükəsiz hiss etmələri üçün ətraf bölgələri də işğal etmək fikrində idilər. Bir tərəfdən də Azərbaycan ordusunun cəbhə xəttindəki bir çox uğurlu əməliyyatları erməniləri çətin vəziyyətə salırdı və onlar daha da quduzlaşırdılar. Cəbhə bölgəsində vəziyyət hər an dəyişirdi.

Məhz belə bir vaxtda əsgərliyə çağırıldı Elxan Sadəddin oğlu Rəhimov. O zaman onun heç 18 yaşı tamam olmamışdı. Orta məktəbi yenicə bitirmişdi. O da digər yaşıdları kimi təhsilini davam etdirib, vətəninə, elinə layiqli bir oğul kimi yaşamaq istəyirdi. Çox arzuları var idi Elxanın… Lakin zaman o zaman deyildi. Doğulduğu, boya-başa çatdığı Bərdə torpağının beş addımlığındaydı düşmən. Odur ki, bir an belə düşünmədən əsgərliyə getdi Elxan. Vətəninin belə dar günündə insanın öz gələcəyi haqqında düşünməsi yersiz olardı. Ürəyindəki arzuları düşməni torpaqlarımızdan qovub çıxarandan sonra da həyata keçirmək olardı. Hələ nə yaşı var idi ki…

Əsgərlik həyatı 703-cü hərbi briqadanın 4-cü taborunun 3-cü bölüyündə başladı Elxanın. İlk vaxtlar Ağdam uğrunda gedən döyüşlərdə iştirak etdi. Papravənd və Güllücə kəndlərinin, sonralar isə Qarabağ ətrafı bölgələrin erməni təcavüzkarlarından azad olunması uğrunda döyüşlərdə fədakarlıqla vuruşdu. Bu döyüşlərdə qumbaraatanla düşmənin bir ədəd döyüş maşınını (PDM) sıradan çıxardı və fermada yerləşən atəş nöqtəsini susdurdu. Baş çavuş Elxan Rəhimov döyüşlərdəki cəsurluğuna görə neçə-neçə Fəxri Fərmanlara layiq görüldü…

Lakin respublikamızın siyasi həyatında baş verən bir çox neqativ hallar ordumuzun da cəbhədəki uğurlu əməliyyatlarına öz mənfi təsirini göstərirdi. Ordu daxilində artıq qruplaşmalar, özbaşınalıqlar baş verirdi. Cəbhə xəttinə göndərilən dəstələr hazırlıqsız, təsadüfi adamlardan təşkil olunurdu. Odur ki, itkilərimiz hər gün artırdı. Bir sözlə orduda qayda-qanun tamam pozulmuşdu. Məhz bu səbəblərdəndir ki, 1992-93-cü illərdə Azərbaycan Xocavəndi, Xocalını, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını və Zəngilanı itirdi. Erməni işğalçıları Dağlıq Qarabağ ətrafı rayonları ələ keçirməklə, öz mənfur rahat və təhlükəsiz yaşama arzularını bir növ həyata keçirmiş oldular.

Bütün bunlara baxmayaraq, cəbhədə döyüşlər səngimirdi. Elxanın döyüş yolu isə davam edirdi. İştah diş altındadır xülyası ilə ermənilər döyüş əməliyyatlarını daha da genişləndirirdilər. Artıq 1994-cü ilin yazı idi. Aprelin 12-də Elxangilin taboru səhər tezdən həyəcan siqnalı ilə hazırlıq vəziyyətinə gətirilərək  mövqelərimizə doğru gedirdi. Düşmən Tər-Tərin Marguşevan kəndi ərazisindəki mövqelərimizə Akop Kamari və Levonarx kəndləri istiqamətindən ağır texnika ilə hücuma keçmişdi. Dəstələrimizə köməyə gələn hərbi təyyarəmiz ermənilər tərəfindən vurularaq Çaylı kəndi ərazisinə salındı. Onun iki ekipaj üzvü səhvən ermənilər istiqamətinə gedərkən əsgərlərimiz onları xilas etdilər. Təqribən 2 saatdan sonra səngərlərimiz ermənilər tərəfindən minaatanlardan atəşə tutuldu.  Elxan  o anları belə xatırlayır:

– Elə ilk dəqiqələrdə qumbaraatanla düşmənin bir tankını vurdum. Yoldaşlarım gözümün qabağındaca həlak olurdu. Sağ qalanlar isə yaralılara kömək edə bilmirdilər. Çünki düşmənin minaatanları buna imkan vermirdi. Çox çəkmədi ki, mən bir neçə yerimdən ağır yaralandım.  Qanaxmadan artıq taqətim qalmamışdı. Huşumu itirib səngərdə yerə yıxıldım. Elə o dəqiqə ürəyimdən bir sual keçdi: – “Allahım, ölmək beləmi olur?” Və elə bu anda anam sanki gözlərimin qabağından keçdi. O, ağlayırdı. Deyəsən yatmışdım. Anamın göz yaşları məni ayıltdı və dizlərimə güc verdi. Yaralı ayağımı səngərin divarına dirəyib güclə ayağa qalxdım və tibb işçilərinə tərəf getmək istəyəndə yenidən huşumu itirərək yerə yıxıldım…

Gözlərimi açanda özümü ağxalatlı adamların əhatəsində gördüm. İstədim ayağa qalxım, tikişlərim açılmasın deyə qoymadılar. Bütün bədənim sarıqlı idi. Olanları xatırlaya bilmirdim. Heç demə mən ikinci dəfə huşumu itirərək yerə yıxılan zaman döyüş yoldaşım çavuş İmadi Musayev məni son anda çox çətinliklə olsa da, tibb işçilərinə çatdıra bilmişdir.

Məni hospitalda təcili əməliyyat edib bədən üzvlərimi tikmişdilər. Gecələr özümü səngərdə hiss etdiyimdən bir neçə dəfə qışqırıb yerimdən durmuşam və bununla həkimlərin o böyük zəhmətlərini sanki puç etmişəm. Yaralarımın bütün tikişləri açılsa da fədakar tibb işçilərinin təkrar-təkrar inadlı səyləri nəticəsində mən həyata qaytarılmışam. Həkimlər üçüncü dəfə məni əməliyyat edərək çarpayıya sarıyırlar. Tibb işçilərinin əsil insani səbir və dəyanətlərinin, ülvi hisslərinin sayəsində uzun zamandan sonra mən ayağa qalxdım. Bədənimin müxtəlif yerlərində onlarla qəlpə gəzdirirəm. İndi II dərəcəli Qarabağ müharibəsi əliliyəm. Elimin-obamın gözəl bir qızı ilə ailə həyatı qurmuşam. Allahım burda da məni yaddan çıxarmayıb. Mənə ekiz övlad-oğlan və qız payı bəxş edib. Və mən indiki halımda çox xoşbəxtəm, məni həyata qaytarmış bütün insanlara-cəbhə yoldaşlarımdan tutmuş o fədakar tibb işçilərinədək hamıya, xüsusən də məni dünyaya gətirmış və heç zaman da tərk etməyən o ağbirçək anama çox borcluyam. Bizim o mənfur ermənilərlə davamız hələ bitməyib. Bütün bu illər ərzində ordumuz güclənərək daha da mətinləşmişdir. Bu yaxınlarda ordumuzun yaradılmasının 95 illiyinə həsr olunmuş hərbi parad bu hərbi gücün, qüdrətin, bu mətinliyin bariz nümunəsi kimi hər bir Azərbaycanlı övladının qəlbində qisas hisslərini daha da alovlandırır. Ali baş komandanımız demişkən:

-“Azərbaycan güclü dövlətdir, çünki onun güclü ordusu vardır!”

Hamı kimi mən də torpaqlarımızın mənfur düşmən tapdağından azad olacağına möhkəm inanıram və bu günü səbirsizliklə gözləyirəm. Ona görə də mən, illər keçsə də, hər gecə yuxularımda o yerləri gəzirəm və hər gecə özümü səngərlərdə döyüşdə hiss edirəm, hər gecə də dilimə o kəlmələr gəlir. O kəlmələr ki, məni labüd ölümün ağuşundan alaraq həyata qaytarmışdır:

-“Allahım, ölmək beləmi olur”.

 

Bakı , iyun, 2013-cü il.