T Ə B İ Ə T İ N Q İ S A S I
(sənədli hekayə)

“İnsanlar təbiətdən əldə etdiklərindən heç də qürrələnməsinlər, çünki bunun əvəzini nə vaxtsa qat-qat ödəməli olacaqlar”.
Nikolay İvanoviç Vavilov

Onlar iki bacı, sanki göylərdən enmiş iki ağ göyərçin idilər. Səhərdən axşamadək oranjereyaların içərisində, güllərin arasında yorulmadan çalışardılar. Kənardan baxana həmin bacılar bütün günü çiçəkdən-çiçəyə qonan ağ kəpənəkləri xatırladırdılar. Yorulsalar da öz işlərindən həzz alırdılar. Aralarında bir yaş fərqi var idi. Bu fərqi onların ata-anası və yaxın qohumlarından başqa heç kəs bilmirdi. Görənlər onları ekiz sanardılar. Bacıların işləri həm özlərinin, həm də əmilərinin oranjereyasında becərilən güllərə qulluq etməkdən – yəni onları sulamaqdan, diblərini yumşaltmaqdan, boy atdıqca onları bağlamaqdan və ən başlıcası isə gülləri xəstəlik və zərərvericilərdən mühafizə etmək üçün onları vaxtında dərmanlamaqdan ibarət idi. Əmilərinin oranjereyası da onların həyətində idi. Güllərin dərmanlanması bütün bu işlərin ən başlıcası və ən vacibi idi. Çünki xəstəlik və zərərvericilərlə kimyəvi mübarizə aparmadan gül becərmək mümkün deyildi. Dərmanlama zamanı böyük bacı çiləyicini kürəyinə bərkidər, kiçik bacı isə çiləyicinin qolunu əlinə alaraq dərmanı güllərin üzərinə çiləyərdi…
Ataları isə daim gül alveri edirdi. Və bu alverlə yaxşı da pul qazanırdı. El arasında deyildiyi kimi “Baltakəsməz pulu var idi”. Özünə yaxşı ev-eşik, gün-güzaran da düzəltmişdi. Onun bu dərəcədə varlanmasında bacıların böyük zəhmətləri var idi. Məhz bu bacıların sonsuz zəhmətləri və sağlamlıqlarının daim təhlükə altında olması nəticəsində ataları belə bir sərvətə malik olmuşdu. Bacılar əlləri iş tutandan ataları güllərə qulluq etməyi onlara həvalə etmişdi. Bu iki fidan da günlərini güllərin arasında keçirirdi. Güllərə çilənən zəhərli dərmanlar isə zaman-zaman bu qız uşaqlarının canına-qanına hopurdu. Ata isə öz qazancından və eyş-işrətindən qalmırdı…
Bu minval ilə aylar ötdü, illər keçdi, bacılar böyüyüb yetkinlik yaşlarına çatdılar. Ailə şad-xürrəm yaşayırdı. Amma bir gün sanki hər şey dəyişdi… Son günlər özünü pis hiss edən kiçik baci birdən-birə yatağa düşdü. Deyəsən qızcığazın uzun illər zəhərli dərmanlarla sıx təmasda olması öz işini görmüşdü. Həkimlərin səylərinə baxmayaraq o, kəskinləşən qan zəhərlənməsindən dünyasını dəyişdi. Övlad itkisindən sonra ailə çətin vəziyyətə düşmüşdü. Çətinliyin çoxu böyük bacının boynunda idi. Çünki butun işləri o, təkbaşına görməli idi. Lakin böyük bacının da sağlamlığında son zamanlar problemlər baş verirdi. Çox çəkmədi ki, sağalmaz xəstəlik bu bacını da yatağa saldı. Artıq heç nə etmək mümkün deyildi. Amansız ölüm böyük bacını da öz ağuşuna aldı. Uzun illər atanın qalaq-qalaq qazandığı pullar bacıları ölümün pəncəsindən xilas edə bilmədi. Bacılar isə sanki bir cüt göyərçintək göylərdən gəldikləri kimi də uçub getdilər. Ata isə eyş-işrətə qurşandığından bir qədər vaxtdan sonra həyat yoldaşını və iki azyaşlı uşağını tərk edərək evdən getdi. Beləliklə, ailənin xoşbəxt və firavan həyatına birdəfəlik son qoyuldu…
Bəli, bu yerdə məşhur bir el deyimi yada düşür: “ Xoşbəxtlik heç də pulda deyil, can sağlığındadır.”