Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri
BAYRAM GİLEYİ
Bütün küsənlər barışır
Vallah sənsiz çox ağırdı bu halım,
Mən yanıram, sənsə baxıb gülürsən.
Küsənlər də tay barışır, ay zalım,
Həsrətimin ünvanını bilirsən.
Xəyallarım hey dolaşır yolları,
Səndən ötrü zirvə keçdim, dağ aşdım,
Unudarmı söylə görüm yar, yarı,
Dərdin , qəmin qapısında dolaşdım.
Sən sevdirdin, bu dünyanı sən mənə.
Ürəyimdə sönməz ocaq qaladın.
Bu canımı qurban dedim mən sənə,
Dodağımda əzbər olub tay adın.
Heç bilmirəm nədir axı günahım,
Nyə üzün döndü məndən vəfasız,
Fələklərə çatır naləm bu ahım,
Ağzım, dilim qalıb indi duasız,
Həsrətindən bir şam kimi, yanıram.
Gözlərimin seli, suyu qurumur,
Gəl barışaq, səni doğma sanıram
Əziz Musa səndən bir xoş söz umur.
EŞQİM
Gül, çiçək açıbdı, bahar, yaz eşqim,
Hər gülün, çiçəyin gözləri gülür.
Dönüb pərvanəyə, indi naz eşqim,
Şairin nəğməsi, sözləri gülür.
Dünyanı bəzəyir bu eşqin nuru,
Savabdı güllərə şeir söyləsən,
Allahım sevdiyim bu qızı qoru,
Tanrı bu gözəli xoşbəxt eylə, sən.
Vallah günahın da gözəli olur,
Çatır arzusuna səbr yiyəsi,
Deyə bilmədiyim sözlərim solur,
Təbiət oyadır eşqi, həvəsi.
Sevgidən alışar daş da bu bahar,
Açılıb çəməndə nərgiz, bənövşə,
Qalmayıb ürəkdə həsrət, intizar,
Çıxıb sevgililər indi görüşə.
Sevgi ilahidən verilən nemət,
Məhəbbət olmasa yanarmı Ay, Gün.
Dönür bir cənnətə yazda təbiət,
Allah ürək verir sevənlər üçün.
Sevgiylə yaradıb Allah dünyanı,
Gözəllik bəxş edib çölə, çəmənə,
Çıxardıb cənnətdən Adəm, Həvvanı,
Gəl bu ayrılığı, sən vermə mənə.