Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri
YAZMIŞAM
İllah verib mənə bu yurd, bu elim,
Yaxdığımı, sevə-sevə yazmışam.
Sevgi ilə, ötüşübdü hər ilim,
Yazdığımı, sevə-sevə yazmışam.
Coşub, daşıb bu illərdə ilhamım,
Açılıbdı aydın, nurlu sabahım,
Hər vaxt olub, mənə dayaq Allahım,
Yazdığımı, sevə-sevə yazmışam.
Vaxt olub ki, məni sıxıb zamana,
Tuş gəlmişəm yaxşılara, yamana.
Söykənmişəm gecə-gündüz gümana,
Yazdığımı, sevə-sevə yazmışam.
Sınaqlardan mən üzü ağ çıxmışam,
Bu dünyaya alını açıq baxmışam,
Gözlərimi zirvələrə taxmışam,
Yazdığımı, sevə-sevə yazmışam,
Sözlər özü misralanıb sinəmdə,
Şimşək çaxıb, od qalanıb sinəmdə,
Çox dərdlərə sinə gərib, sinəm də,
Yazdığımı, sevə-sevə yazmışam.
Sevgi mənə qanad verib, ruh verib,
Yazdığımı Tanrı özü göndərib,
Əziz Musa göydən ulduzlar dərib,
Yazdığımı, sevə-sevə yazmışam.
SƏNİ QISQANIRAM MƏN
Meh əsir, astaca saçından öpür,
Səni küləklərə, qısqanıram mən.
Durnalar göylərdən lələklər tökür,
Səni lələklərə, qısqanıram mən.
Arılar çoxalıb getmə yaxına,
Başını qaldırıb, baxma baxana,
Hər gülü, çiçəyi taxma yaxana,
Səni çiçəklərə, qısqanıram mən.
Qısqanc xəyalımdan çox şeilər keçir,
Gözlərim tay ağı qaradan seçir,
İşığa gələn var, işığı keçir,
Səni şəfəqlərə, qısqanıram mən.
Bir sənə bağlıdır bu ürək, bu can,
Gəl salma araya, sən bir nahaq qan,
Hüri, mələkləri qov sən, yanından,
Səni mələklərə, qısqanıram mən.
Sanıram dağ, daş da sənə vurular,
Sel, su səni görüb, durar, durular,
Səni görən zaman, dilim lal olar,
Səni diləklərə, qısqanıram mən.
Həsrətin gözümün yaşını tökər,
Əziz bu sevgidən, bir gör nə çəkər,
Ürək sözə baxmaz, sevirsə əgər,
Səni ürəklərə, qısqanıram mən,