AĞLADI
Gözlədim, gəlmədin, görüş yerimiz,
Halıma mükəddər oldu, ağladı!
Sənin görüşünə tələsən güllər,
Əlimdə saralıb-soldu, ağladı!
Bükdü qamətimi, əydi bu halət,
Gəldiyin yollar da çəkdi xəcalət.
Məhəbbət yanğılı bir dəli həsrət,
Qolların boynuma saldı, ağladı!
Nə bilim bu imiş yaxınlığımız,
Bir eşqin oduna yaxındığımız.
Bir vaxt qucağına sığındığımız,
Söyüdlər saçını yoldu, ağladı!
A Qafqaz, bu necə taledi, baxtdı?
Ahım göyləri də yandırıb-yaxdı.
Şimşəklər oynadı, ildırım çaxdı,
Buludlar hönkürüb doldu, ağladı!
Dağlar
Bu “Novruz”da gəldi-getdi,
Gələmmədim sizə, dağlar!
Ah çəkməkdən içim yandı,
Döndüm oda, közə, dağlar!
Fitnə saldı yağılarım,
Getdi əldən yaylaxlarım…
Hanı sənli o çağlarım,
Kim gətirdi gözə, dağlar?!
Qaçdı getdi “igidlərin”,
Qabağından gör kimlərin?!
Ağır-ağır o ellərin,
Dağılıbdır düzə, dağlar!
Hey kor olan gözümüzdü.
Qeyrət quru sözümüzdü.
Lap əvvəldən özümüzdü,
Balta vuran bizə, dağlar!
Qafqaz kimi pərişan yox,
Yanan çoxdur, alışan yox.
Çağırıram, toplaşan yox,
Durub düşək izə, dağlar!!
VAXTIDI
Ətəyini çırmalayıb getdi qış,
Düzdə mehin dağda çənin vaxtıdı.
Danaqıran yal-yamacı bürüyüb,
Karlı oğlan, yüz pencənin vaxtıdı.
Gün əridir zirvələrdə sal buzu,
Yal-yamacdan şaqqıldayıb axır su.
El yığışıb yola saldı “Novruz”u,
Al fidanın, tər qönçənin vaxtıdı.
Silkələnib çöllər açdı qırışın,
Yedik getdi kətəsini çirişin.
Çərtib çıxan quzqulağın, keşnişin,
Kəkoğlunun, mərövcənin vaxtıdı.
Əvəzoğlu, çıx dağlarla görüşə,
Hər tərəfdən ətir saçır bənövşə…
Göy çəməndə yan verməyə bir döşə,
Mütəkkənin, döşəkçənin vaxtıdı!