“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Bilirəm, bu adla yazdığımı heç hara qəbul edib çapa verməyəcək. Amma, yazmalıydım. Hə… Özümü haqlı çıxarmağın bir yolu olmalıdır, ya yox?! Təsəvvür edin ki, bu cümləni deyib sizə çoxbilmişcəsinə bir göz də vururam. Axı, mən uydurmaçının yekəsiyəm. Özü də zarafatcılam, çox zarafatcıl. Uşaqlıqda da belə olmuşam. Onda mənim cəmi on üç yaşım vardı və qonşumuzdakı qızlarla bağa alma yığmağa getməyi çox sevərdim. Onlara deyərdim ki, “siz çıxın ağaca, almaları atın, mənsə tutum”. Əla alınırdı! Bir sirr açım? Hə… Bunu pıçıltıyla deyirəm, çalışın eşidəsiniz: “Onlar həmişə rəngli donlar geyirdilər”. Mən bax, belə, dəcəl oğlan olmuşam. İndi mənim etdiklərimə dəcəllik yox, “narahatlıq” deyirlər. Guya, hansısa filosof, yazıçı, nə bilim kimsə deyib ki, “narahatamsa, deməli yaşayıram”. İndi mən də hamı üçün “yaşamağı bacaran”, “vuran-tutan”, yeri gələndə “yeyib-içən” oğlanam.
Gəlin, tanış olaq, adım Vüqardı. Böyük şəhərin böyük restoranlar şəbəkəsinin sahibiyəm. Daha doğrusu, “vurub-tutaraq” əvvəlcə kiçik bir kafe açdım. Hamının necə bişirildiyini əzbərlədiyi yeməklərin adını menyuya yerləşdirdim. Müştərilər dolmadan tutmuş plovadək hamısının evlərindəki kimi hazırlandığını deyirdilər. Dovğa və çoban salatı isə əsl onların istədiyi kimi idi. Düz beş il hamının bildiyi yeməkləri bişirə-bişirə o balaca, xudmani kafenin həm sahibkarı, həm baş aşpazı, həm də işlər müdiri olaraq keçirdim. İlk dəfə kafenin qapısını açıb ürəklə içinə boylandığım zaman gələcəkdə daha böyük işlərə imza atacağımı düşünmüşdüm, nələr, nələr arzu etmişdim. Amma, “üç bacı” dolmasının reyhanını doğraya-doğraya, dovğanın yarpızını artlaya-artlaya beş ili yola salmışdım. Böyüyən arzularımın qarşısında imkanlarım da, kafem də çox kiçik idi. Bundan sonra daha nəsə edə biləcəyimə ümidimin bitdiyi gün isə evlənməyə qərar verdim. Anamın danlağı hər axşam içəridən bağladığım yataq otağımın qapısına tərəf tolazladığı şəpitləri kimi havada süzür, sonra tappıltıyla hara gəldi-döşəməyə, divanın üstünə, atamın oturduğu stulun yanına düşürdü. Bir gün o danlaqları yerə salmadım, anama evlənməyə razı olduğumu dedim. Yalnız indi problemin böyüklüyü anlaşılırdı:
-Kimlə evlənməli?
Ali məktəbi bitirən gündən “iş və iş” barəsində o qədər düşünmüşdüm ki, həyatımda haqqında danışacaq bir qadınım olmamışdı. Və indi də həyatıma daxil olacaq qadını dəvət etməyi anamın boynuna qoyub yataq otağımın qapısını içəridən bağlamışdım. O axşam anamın şəpiti pərvazlanmamışdı.
Həmin günün səhəri anam “toy əməliyyatına” start vermiş, finişə doğru uğurla irəliləməyə başlamışdı. Heç iki-üç gün keçmədi ki, bir axşam qolumdan tutub məni kompyuterin qarşısında əyləşdirdi:
-Aç interneti! Aç, aç! Yaz ora, yaz! Gül və Səma. Yoox, ingilis şriftləri ilə yox, Azərbaycan şriftləri ilə! Gül və Səma. Ay sağol! Bax!
Anamın “bax” dediyi yerdə-monitorda sarışın bir qız gülümsəyirdi. Ağ köynəyin yaxasından əlvan bir lent sallamışdı, baxışlarında məsumluq vardı. Başımı arxaya atınca anamla göz-gözə gəldik. Qərar verilmişdi; Gül və Səma adlı bu yazıçı qız anamın gəlini olacaqdı. Gülümsəyərək başımı razılıqla tərpətdim, otağımın qapısına çatanda yadıma düşdü ki, toy günü üçün kafedəki yardımçı aşpazlara göstərişlər cədvəli hazırlayıb qoymalıyam. Bacardığım qədər ucadan soruşdum:
-Toy nə vaxtdı?
Atam əvvəlcə mənə, sonra da anama matdım-matdım baxdı. Anamsa məğrurluğun zirvəsində dayanıb iki kişinin üzərindəki hökmranlığının dadını çıxarırdı:
-Gələn həftənin bu günü!
Qapını içəridən bağlayaraq şkafa tərəf addımlayırdım ki, eşikdən nə isə zərblə qapıya dəydi. Yalnız yerə düşəndə çıxan tappıltı səsindən bunun “möhtərəm şəpit” olduğunu anladım. Anam eşitsin deyə var səsimlə bağırdım:
-Əla vuruş idi! Qapıya bir qol!!!
Bir həftə sonra evləndim. Nigah qeydiyyatı zamanı yazıçı xanımımın əsl adını vərəqdən oxudum: Sadəgül. Pis ad deyildi, amma bir az nimdaş hisslər yaradırdı adamda. Daha bu qızın özünü yazıçı kimi niyə “Gül və Səma” adıyla tanıtdığını anlayırdım. Nimdaşlıqdan yaxasını qurtarırdı.
Evliliyimiz ideal ailənin bütün etik və estetik normalarına uyğun davam edirdi. Lakin, zamanın davamedici forması da hərdən mənim uşaqlıqda etdiyim kimi dəcəllik etməkdən çəkinmir. Bizdə də elə oldu. Evliliyimizin ikinci ayında hər şey bir xörək qaşığı ilə dəyişdi. Həmin gün mənim üçün ideal tarix idi: 27 aprel! İlahi!
Həyəcanlandım… O günü təkrar yaşamaq imkanı olsaydı-deyəcək qədər romantik deyiləm, bilirəm, amma, üzümdəki sevimli təbəssümü də sizdən gizlətmək fikrim yoxdu. Hələ də sevimli arvadımın divardakı qaş-qabaqlı şəklinə baxıb ürəklə və arxayınçılıqla gülümsəyirəm.
Həmin gün kafedə yalnız pomidor-yumurta və Bağmansayağı toyuq çığırtması sifarişini almışdım. Hər ikisi də sevimli yeməyim olmadığından axşam evə ac gəlmişdim. Özümü mətbəxə salıb anamı haraylamışdım:
-Ana, nə bişirmisən?
Anamın şəpiti havada süzüb mətbəx qapısının astanasında özünü yerə çırpmışdı. Aldığım cavab sadə idi:
-Yeməyi gəlin bişirir, ay nadinc! Ta mən qazanı da, qaşığı da ona təhvil-təslim eləmişəm!
Qaz plitəsinin üstündəki iri qazanın qapağını qaldırmaq istəyirdim ki, başqa bir səs məni utandırdı:
-Əzizim, qazandan yeməzlər. Sən ki, baş aşpazsan, bilirsən. Otur stulda, indi masanı hazır edərəm.
Mehribanlıqla gülümsəyib stulda oturdum. Sadəgül masanın üstünə çörəkqabını, kağız dəsmalı, sarımsaqlı qatığın kasasını, qaşığı və su dolu fincanı elə ehmalca düzdü ki, beynimə gələn ani fikirdən paxıllandım. Mənim kafemdə beş ildə ən az ayda bir dəfə ofisiant dəyişikliyi baş vermişdi. Hələ belə səliqəli və cəld ofisianta rast gəlməmişdim. Xörək boşqabda buğlanaraq qarşıma qoyulanda Sadəgülün üzünə baxdım.
-Pomidor şorbasıdı-dedi.
İlk dəfə bu adı eşidirdim. Qaşığı əlimə alıb xörəyə batırdım. Boşqabın o biri sahilindən isə bir qaşıq sarımsaqlı qatıq xörəyimə əlavə olundu. Və o sehrli gün sehrli xörək qaşığı ağzıma qonaq gəlincə səhərisi gün nəyi necə edəcəyimi anladım. Arzularımın bircə addımlığındaydım. O bircə addımı atmaqda mənə kömək üçün Tanrı Sadəgülü göndərmişdi.
Günü səhərdən kafenin menyusunu dəyişdim. Bütün gecə yatmayıb Sadəgüldən bişirə bildiyi yeməklərin hazırlanma qaydasını, tərkibinə nələrin əlavə olunduğunu yazıb götürmüşdüm. Obaşdan yolumu mərkəzi bazardan salıb kafeyə yüyürmüşdüm, qollarımı çırmalayıb işə başlamışdım. Kafenin üstündəki reklam lövhəsində isə bu sözləri markerlə əlavə etmişdim:
-Ən ağlagəlməz dadlar!
Hə, ağlagəlməz dadlardaydı Sadəgülün yeməkləri. O, kələm qızartmasına kəvər doğrayırdı, yarpaq dolmasının içliyinə əzilmiş suxarı qatırdı, yarım stəkan süd əlavə etməklə olladi xəmirini ikiqat artıra bilirdi, ən qəribəsi isə, kartof püresinə əzilmiş pomidor qatır, onu da sarımsaqlı qatıqla yeyirdi. Və mən aprelin iyirmi səkkizi günü kafedə hər şeyi məhz bu cür bişirməyə başlamışdım. Əla alınırdı!
Mayın ortalarında artıq kafenin ərazisini genişləndirməyin labüdlüyü göz önündəydi. Dolma və plov, ən kreativ halda bozartma, yaxud çığırtma yeməkdən bezmiş insanlar kafedə bir-birinə görüş təyin edir, bank işçiləri noutbuklarını qoltuqlarına vurub bura gəlir, tələbələr imtahan həyəcanıyla burda uca səslə müzakirələr aparırdılar. Sevinirdim. İyunda artıq şəhərdə sevimli məkana çevrilmiş gözəl bir restoranın sahibiydim. Evliliyimizin ilk ildönümünü üç restoranın sahibi olaraq qeyd etmişdim.
İndi, artıq dörd il səkkiz aydır ki, evli kişiyəm. Böyük restoranlar şəbəkəsinin sahibi olaraq arzularıma çatmışam. Bundan sonrakı arzum Sadəgülün illərdi üstündə işlədiyi romanının çapını görməkdi. Səhər-səhər məndən əlyazmasını oxumağı xahiş etdi. Müavinimə zəng vurub bu günü evdə keçirəcəyimi dedim. Və əlimdə Sadəgülün netbuku bütün gün yataqda uzanıb qaldım. Nahar vaxtı Sadəgül qapını azacıq aralayanda əlimlə netbuka işarə edib səssiz olması gərəkdiyini başa saldım. Saatlardır qapıya heç kim, heç anamın şəpiti də yaxınlaşmayıb. Sadəgülün romanının əlyazmasını oxumağa başlamaq istəsəm də, alınmadı. Oxumaqdan daha çox bu gün mənə yazmaq üçün lazım idi. Odur ki, bunları yazdım. Adı qəribə olsa da, bu yazını nəşriyyatlara göndərmək fikrim var. Çap etməsələr belə, mənim həyat yoldaşımın-bu məhşur yazıçının mətbəxdəki əvəzolunmazlığı müasir ədəbiyyat saytları üçün göydəndüşmə xəbər olacaq. Üstəlik, roman nəşr olunmazdan əvvəl “Gül və Səma” adı tənqidçiləri cəlb edəcək. Fərz edin ki, söhbətin bu yerində sizinlə sağollaşmağa bir söz axtarıram. Üzrlü sayın, sağollaşmadan mətbəxə qaçası olacağam, deyəsən. Burnuma qızardılmış göyərti qoxusu gəlir. Çox sadə hazırlanma qaydası var; soğança hazır olduqda yuyulub-doğranmış göyərtini əlavə edirsiniz, tam bişirirsiniz, duz, istiot, sarıkök, zövqə görə də yumurta əlavə edirsiniz, hazırdı. Yeyərkən boşqabınıza sarımsaqlı qatıq əlavə etməyi unutmayın. Bu, Sadəgülün sevimli yeməyi, mənimsə uğur kitabımın növbəti səhifəsidir. Axı, bildiyim və əzbərlədiyim bütün yeməklərə belə Sadəgül öz zövqünə görə nəsə əlavə etməyi və məni heyrətləndirməyi bacarır.
Bir də, necə demişdilər? Hə… “Kişinin qəlbinə yol…” Mən qaçdım! Bu andan etibarən yataqda keçən bir gün zamanın davamedici formasında məkan üstünlüyünü mətbəxə həvalə edir…