“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Bu gün üçün qurduğu planlar yaman çox idi. Təzə iş yerində aynaları silməli, iki qapı o yandakı köhnə iş yerində kitab rəflərini səliqəyə salmalı, bazara gedib rayona gəlin köçmüş qızı üçün bir “təkərək” əvəlik almalı, günorta evə qayıdıb oğlu üçün xəngəl bişirməliydi. Tələsirdi. Bu tələskənlik onun qanına hopmuşdu, həyat tərzinə çevrilmişdi. Yolda rast gəldiyi tanışlardan kimsə təngnəfəsliyinə irad tutanda bircə kəlməylə hər şeyin izahını verirdi:
-Yüyürürəm!
Hə, o yüyürürdü. Həyatın bu başından o başına yüyürürdü. Tanrının ovuclarında ona uzadılan ömür payından hərdən bircə barmaq dadırdı; bu “hərdən” adlı zamanın saçından ayırdığı üç tel üçcə an çəkirdi, bir şeir doğulurdu ürək sancısından. O sancını çəkmək vaxtı da fərqli ölçü-biçidəydi; bir il, beş ay, səkkiz gün, bircə an. Bir dəfə şeir doğulan anda “ürəyindən salıb çilikləmək” istəmədi, yüyürüb kiçik dolabın üstündəki boz qeyd dəftərini açdı, dəftərin bir tərəfinə söykənmiş qırmızı qələmi əlinə götürüb misraları kağıza əmanət etmək istədi. Açdığı vərəqdə bir neçə cümlə yazılmışdı: “Həyatım anamın hər təzə iş yeri tapanda sevinməsiylə keçdi. O sevinirdi…Mənsə, için-için ağlayırdım.” O gün şeiri ölü doğulmuşdu…
Təzə iş yerinin qapısına çatmışdı. İçəri keçib çantasını yumşaq kresloya qoyanda fikrindən keçənlərə gülümsündü:
-Çantam məndən urvatlıdı, gah çiynimdə nazlanır, gah kreslolarda xumarlanır. Mənim bu kresloda oturmağa da vaxtım çatmır.
Aynasiləni götürmək üçün içəri otağa keçəndə gözünə ilk dəyən döşəmə üstünə qoyulmuş Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabı oldu. Qeyri-ixtiyari aşağı əyildi, əlləri kitaba uzandı. İncə, ağ barmaqlar onun qabarlı əllərini qabaqladı, kimsə kitabı açdı. Yalnız indi belini dikəldib otağa nəzər saldı. İki gənc qadın üzbəüz oturub kitabı araya qoymuşdular. Biri kitabı açıb pıçıltı ilə oxuyurdu, o birisi isə doluxsunmuş halda sanki ürək əməliyyatından çıxmış sevgilisini gözləyirdi; onun ürəyində özünə qarşı bir hissin qalıb-qalmamağını yerişindən bilmək istəyirmiş kimi. Kitabı oxuyan başını qaldırıb əminliklə danışmağa başladı:
-Sənin bir sinif yoldaşın qız olub, o sənə yalan danışmağı öyrədib. Bir oğlan səni sevirmiş, ona ümid verib, aldatmısan. O oğlanın nəfsi var səndə. Evdə ananla mübahisəniz tez-tez düşür adamlarla bağlı, o deyir filankəslə danışma, sən bildiyini eliyirsən. Xülasə, ağıllı ol! Kitab belə deyir.
Daha burda dayanmaq istəmədi. Əlləri, ayaqları titrəyirdi, onun nəzərində kitab böhtan atılaraq günahsızca məhbəsə salınana bənzəyirdi. Aynasiləni götürüb cəld otaqdan çıxdı. Heç iyirmi dəqiqə çəkmədi ki, köhnə iş yerinin qapısı ağzındaydı, ordakı küskün “Sirlər xəzinəsi”ndən fərqli olaraq burdakı nazlı, işvəli kitabları sığallaya bilir, ürəklə qucaqlayır, ürəyi istədiyini evə aparıb axşamlar on-on beş dəqiqə vərəqləyə bilirdi; oxumağa vaxtı çatmırdı.
Burdakı işini də bitirib bazarın yolunu tutdu. Gedə-gedə də fərəhlənirdi, qızına əvəlik almağa pulu vardı. Havalar bir az soyuyan kimi, oktyabrdan başlayaraq ayda bir dəfə qızına əvəlik alıb göndərirdi. Bir dəfə bazarda əvəlik satan tanışı demişdi:
-Qızın rayonda olur axı, orda bu əvəliyi özü yığa bilmirmi ki, sən şəhərdən alıb göndərirsən?
Öncə sual ona qəribə gəlmişdi, tanışı düz deyirdi, lakin tezcə də doğruluğuna heç bir şübhəsi olmayan sözləri dilinə gətirmişdi:
-Qızım istəyir ki, əvəliyi ona anası alıb göndərsin!
İndi də bir “təkərək” əvəliklə qızına bir ürək sevgi, bir nəfəs istilik, bir əl qabarı halallıq göndərəcəkdi, həmişəki kimi. Birdən qulağına tanış səs gəldi:
-Deyir ki, nə çox gülürsən? Deyirəm ki, magistr oxumağa cəhd eləmişəm, alınmayıb. Deyir ki, çox gülmə! Deyirəm ki, ingilis dilini mükəmməl öyrənərəm ha!!! Kiriyib getdi. Ha-ha-ha…
Duruxdu. Bu səs, bu intonasiya, həyasızcasına çəkilən şaqqanaqdan ürpəndi. Dönüb səs gələn səmtə baxdı, zənnində yanılmamışdı. İki əliylə çantasını eşən, telefonu sağ çiyninə qoyub başını üstünə əyən qızı illərdi ki, tanıyırdı. Lakin illər əvvəl bu qız onun nəzərində ən saf, utancaq, güləndə dişləri görünməyən, yolun ortasında səsini yüksəltməyən, saçları palıdı, dırnaqları boyasız bir gözəl idi. Onda hələ kompüter kursuna oxumağa gələr, həyalı-həyalı barmaqlarını klaviaturaya toxundurar, kirpiklərini ürkək baxışlarının üstündən pərdə kimi asardı. Sonra bu qızı daha görmədi. Bir neçə ay öncə həmin kursun müəlliminə rast gəlmişdi. Müəllim kursun bağlandığından, işsiz qaldığından, iş axtarsa da tapa bilmədiyindən danışdı. Bir az dövrandan, zamandan, hətta insanların yadlaşmasından da bir-birinə giley etdilər. Sözarası yaddaşında kövrəklik rəmzi kimi qalan qızı da soruşmuşdu. Ona elə gəlmişdi ki, müəllim bu sualı eşidəndən sonra boyu kiçilmiş, gözlərinin ətrafında qırış çoxalmışdı. Müəllim təəssüf dolu səslə dillənmişdi:
-O yazıq da… Anası rəhmətə getdi, atası ikinci dəfə evləndi, analıq da qızı çöllərə saldı. O tində-bu tində iş axtarır. Görsən, tanımazsan… Yaxşısı budur, görmə heç… Görmə.
Onda müəllimin dediyi bu sözlərə fikir verməmişdi, əksinə, o qızı görmək istəmişdi. Bu gün, bu an isə bir heykəlin qarşısında donmuş kimi ayaqları yerə mıxlanmışdı. Matdım-matdım hələ də çantasını eşən qıza baxırdı; sarı saçlar, boyalı dırnaqlar, saxta, nəyinsə intiqamını alırmış kimi sinəparçalayan gülüş, yuxarı qatlanmış kirpiklər ona heç də tanış deyildi. Təkcə o cingiltili səsi tanıyırdı. O səs də ona çox uzaqdan əl sallayır, vida edirdi…Lap uzaqdan.. İllərin ömür-ömür yığaraq saxlanc etməyə apardığı xatirə faytonunun zınqırovlu atlarının ayaqlarından qalxan tozun içindən…
Nəhayət, başını aşağı salıb ağır-ağır bazara tərəf addımladı. Bir neçə dəqiqədən sonra bazarın qapısına çatanda Tanrının ovuclarındakı ömür payından bir barmaq da dadmışdı…
Gəncə