
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.
Yolun kənarı ilə fikirli-fikirli gedən Bəxtiyar müəllim işıqfora çatanda nə düşündüsə, əlini cibinə atdı və telefonun evdə qaldığını görüb başını yelləyərək geri qayıtdı. Pilləkənlə yuxarı qalxarkən həyat yoldaşı Sənubərin telefonla yüksək səslə danışdığını eşitdi.
– Niyə telefonla danışanda qışqıra-qışqıra danışırsan axı?.. – deyə dodağının altında pıçıldadı.
– Hə də… O da ev almasın, kim alsın bəs?! Mən də vaxtında eşq-meşq arxasınca yox, imkan arxasınca düşsəydim, müəllim oğlu Bəxtiyarı yox, dörd evi, şəhərin hər yerində mağazaları olan Səmədin oğlu Rzanı seçsəydim, indi mən də qəşəng baseynli-maseynli ev alardım. Yayda gedib normal istirahət edərdim, ürəyim istəyəndə də xaricə çıxardım… – telefonda yüksək səslə danışan Sənubər dedi.
Bəxtiyar müəllim qapının kandarında bir anlıq dayandı. Ona görə yox ki, bu sözlər ona pis təsir etdi – ilk dəfə eşitmirdi. Sadəcə düşündü ki, bəlkə Sənubər dediklərindən utanar, ya özünü narahat hiss edər. Bir neçə saniyə sonra ayaqlarını bir az bərk yerə vurdu ki, həyat yoldaşı onun gəldiyini eşitsin.
– Dayan görüm, ay qız, gələn var, – deyib telefonu kənara qoydu Sənubər.
– Mənəm… Telefonu unutmuşam, – dedi Bəxtiyar müəllim, sanki heç nə eşitməmiş kimi.
Amma Sənubər onun gözlərinə baxmamağından anladı ki, hər şeyi eşidib. Eşitsə də, heç nə deməyəcəyini də bilirdi.
– Fikrin özündədir ki?! Adam nə qədər yazar, pozar, oxuyar… Gözlə, gətirirəm.
Bəxtiyar telefonu alıb heç nə demədən çıxdı. Sənubər onun arxasınca bir neçə saniyə baxdı, sonra qayıdıb işləri ilə məşğul olmağa davam etdi.
Bəxtiyar Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Ömrünü müəllimliyə və ailəsinə həsr etmiş, vicdanlı, sakit, mərd bir adam idi. Uşaqlıqdan qonşu qızı Sənubəri sevmiş, onunla da ailə qurmuşdu. İki övladları var idi: oğlu yenicə evlənmiş, qızı isə dördüncü kursda oxuyurdu.
Sənubər də vaxtilə onu sevərək seçmişdi. Rza isə məhlələrində “imkanlı adam”ın oğlu idi, o da Sənubərə elçi göndərmişdi. Amma Sənubər sevdiyi adamla evlənmişdi.
Bəxtiyar nə kasıb idi, nə də varlı. Halal qazancı ilə evini dolandırır, əlində olanla kifayətlənməyi bacarırdı. Sənubər isə həmişə imkanlı ailələrə baxıb həsəd aparar, zaman-zaman bunu dilə gətirərdi. Bəxtiyar isə heç vaxt cavab verməzdi.
İşində-gücündə adam idi. Əsl müəllim. Dəfələrlə şəhər məktəblərində işləmək imkanı olsa da, şəhərdən kənarda işləməyi seçmişdi. Hər gün uzun yolu yorulmadan gedib-gəlirdi. Şagirdlərinin hər biri ilə ayrı-ayrılıqda maraqlanır, onlara vaxt ayırırdı. Onlardan biri ali məktəbə qəbul olanda isə öz övladı kimi sevinirdi.
Axşam evə qayıdanda səhər eşitdikləri ilə bağlı heç nə demədi. Amma Sənubər mövzunu özü açdı:
– Xalaqızı ilə danışırdıq səhər. Sinif yoldaşım Şəhlagil dəniz kənarından villa alıblar.
Bəxtiyar başını qaldırmadan çayından bir udum alıb: “Allah xeyirlərini versin”, – dedi.
– Amin! Versin e… Amma kaş bizim də olardı, kaş zamanında buraxardın bu müəllimliyin başını…
– Mən sənətimi sevirəm, – dedi Bəxtiyar müəllim. Amma səsi yenə də mülayim və təmkinli idi.
– Hə də, sən sevirsən… Amma mən sevmirəm bu yaşadığım həyatı. Gəncliyim keçib getdi, heç olmasa bu yaşımda yaxşı həyat yaşayardım.
Həyat yoldaşının sakitliyini görüb sanki daha da özündən çıxdı Sənubər və sanki onu incitmək istəyirmiş kimi bir ağızdan dedi:
– Sənlə deyil, Rzayla evlənsəydim…
Bəxtiyar müəllim əlini bərkdən masaya çırpdı, nəsə demək istəyirdi, amma fikrini dəyişib mətbəxdən çıxdı. Bu neçə il ərzində o, bir dəfə olsun Sənubərə güldən ağır söz deməmişdi. Sənubər üçün onun əlini masaya çırpması artıq səbrinin tükənməsinin işarəsi idi.
Səhər tezdən, səhər yeməyi yemədən evdən çıxdı Bəxtiyar müəllim. Sənubər qapının səsini eşidib onun getdiyini anladı. Həyat yoldaşının qəlbini qırdığını bilirdi. Amma yenə də özünü haqlı çıxarmağa çalışırdı.
Yataq otağına keçəndə Bəxtiyarın telefonunun yenə evdə qaldığını gördü. Bir qədər gözlədi. Amma bu dəfə o, qayıtmadı.
Bir neçə saat sonra telefona zəng gəldi. Ekranda “Elnarə R.” yazılmışdı. Əvvəlcə zəngə cavab vermək istəməsə də, qadının israrla zəng etdiyini görüb marağına hakim olmayıb telefonu açdı.
– Alo! Bəxtiyar müəllim… – telefonun digər ucundan qadın səsi eşidildi.
– Buyurun, kimdir?
– Bəxtiyar müəllimin telefonu deyil?
– Onun telefonudur, mən həyat yoldaşıyam. Bəxtiyar müəllim telefonu evdə unudub. Kimdir?
– Sənubər? Sənsən?
– Bəli… Siz?
– Mənəm də, Elnarə. Sizin köhnə məhəllədən, Rzanın həyat yoldaşı.
Sənubər bir anlıq susdu, sonra özünü toplayıb nə baş verdiyini anlamağa çalışdı.
– Rzanın… Elnarə? Hə…
– Bəxtiyar müəllimdən bir neçə dəfə nömrəni istəsəm də, deyəsən unudurdu, sonra da utandım. Necəsən?
– Yaxşıyam. Bəxtiyar deməyib heç…
– Hə… Bizim uşağı təmənnasız hazırlaşdırırdı neçə ildir. Rza borc ucbatından bizi atıb ölkədən qaçdı… eeh, uzun söhbətdir, görüşəndə danışaram.
– Allah köməyiniz olsun… – deyə bildi sadəcə Sənubər.
Elnarə şad xəbər vermək üçün zəng vurduğunu, oğlunun buraxılış imtahanından yaxşı nəticə aldığını deyirdi, lakin Sənubərin fikri Bəxtiyarın yanında idi. Nə qədər incitmişdi həyat yoldaşını, necə utanırdı dediyi sözlərdən… Bəxtiyar Rzanın vəziyyətini bilsə də, ona heç nə deməmişdi, hətta Rzanın ailəsinə yardım etdiyini belə bir dəfə olsun evində dilə gətirməmişdi.
Telefonu söndürər-söndürməz Sənubər əynini tələm-tələsik dəyişib evdən çıxdı. Həyat yoldaşının yanına tələsirdi, telefonu ona çatdırmaq bəhanəsi ilə gedirdi, lakin məqsədi sadəcə onu görmək idi. İlk dəfə idi ki, illər sonra Bəxtiyar üçün bu qədər darıxdığını hiss edirdi. Tək istəyi onu görmək idi. Yolun yarısını metro ilə, tıxaca düşməmək üçün digər yarısını isə taksi ilə getdi.
Məktəbə daxil olanda girişdəkilər ona Bəxtiyar müəllimin təcili yardımla yaxındakı xəstəxanaya aparıldığını dedilər. Sənubərin sanki dünyası başına uçdu. Qəlbini incitmişdi… Ürəyini ağrıtmışdı həyat yoldaşının, ona görə olmuşdu… Özünü günahlandıraraq, dayanmadan ağlaya-ağlaya taksi ilə xəstəxanaya getdi.
Xəstəxanaya girəndə Bəxtiyar müəllimin dəhlizdə həkimlə danışdığını gördü. Dərindən nəfəs alaraq hönkürməyə başladı. Girişdəki tibb bacıları ona yaxınlaşıb yaxşı olub-olmadığını soruşdular. Səsə tərəf dönən Bəxtiyar həyat yoldaşını görüb təəccübləndi və ona doğru iti addımlarla gəldi. Sənubərə su verdilər. Bəxtiyarın epilepsiyası tutmuş bir şagirdlə birlikdə xəstəxanaya gətirildiyini dedilər.
Sənubər sakitləşib oturacaqlardan birində oturdu. Bəxtiyar əlini onun çiyninə qoyub təlaşla soruşdu:
– Nə işin var burada? Nə olub? Niyə ağlayırsan?
Sənubər çantadan onun telefonunu çıxarıb başını aşağı salaraq dedi:
– Elnarə zəng vurmuşdu… Rzanın… oğlu yaxşı yazıb…
Bəxtiyar müəllim sanki nə baş verdiyini anlamırmış kimi:
– Həə, nə gözəl. Şükür, – dedi.
– Sonrakı peşmançılıq fayda verməz, deyib atalar, amma…
– Nə danışırsan sən? – deyə gülümsədi Bəxtiyar müəllim.
– Yaxşı ki səni seçmişəm, Bəxtiyar. Bağışla məni.
– Qalx. Evimizə gedək, – deyə həyat yoldaşının qolundan tutub qalxmağına kömək etdi Bəxtiyar.
Aristotelin də işarə etdiyi kimi, “Peşmanlıq hissindən məhrum olan insan sağalma yolunu tapa bilməz”. Peşmanlıq insanın özünə baxa bildiyi, həqiqətlə üzləşdiyi andır.
Bir cavab yazın